DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

13.06.2017

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 13-də Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Onno Kerversi qəbul edib. 
 Qonağı salamlayan nazir onu yeni təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. 
Sonra daxili işlər naziri müstəqilliyin ilk illərində Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq soyadışımızın doğma torpaqlarından didərgin düşməsi ilə ölkənin qarşılaşdığı problemlərin daha da ağırlaşdığını qeyd edərək, məhz Milli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra müəyyən etdiyi daxili və xarici siyasət, eləcə də onun rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar  nəticəsində dövlətimizin hərtərəfli, davamlı inkişafa qədəm qoyduğunu, kriminogen durumun tam nəzarətə alındığını bildirib. Həmin siyasətin stabilləşdiyini, inkişaf və tərəqqi yolunun möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla irəlilədiyini bildirib.     

Kadrların seçilməsi və peşə hazırlığının artırılması sahəsində də əhəmiyyətli tədbirlərin görüldüyünü, yeni texnologiyanın tətbiqi işinə xüsusi əhəmiyyət verildiyini bildirən cənab Ramil Usubov fəaliyyətin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşməsində beynəlxalq əlaqələrimizin rolunun da böyük olduğunu, son 10 ildə 7 minə yaxın əməkdaşın müxtəlif təlim və treninqlərə cəlb edildiyini, 40-dan çox ölkənin müvafiq qurumları ilə 100-ə yaxın ikitərəfli və çoxtərəfli saziş, memorandum və protokolun, həmçinin 2010-cu ilin avqustunda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Niderland Krallığının Ədliyyə Nazirliyi arasında cinayət işləri sahəsində qeyri-əməliyyat əməkdaşlığı haqqında Anlaşma Memorandumun imzalandığını diqqətə çatdırıb.

Nazir deyib ki, demokratik prinsiplər əsasında insan hüquqlarının təmin olunmasında, qorunub saxlanılmasında son illər ölkəmizdə mühüm işlər görülüb. Vətəndaş məmnunluğunun daim yüksək səviyyədə təmin edilməsi məqsədilə ölkə rəhbərliyi tərəfindən dövlət qurumları, o cümlədən Daxili İşlər Nazirliyi qarşısında qoyulan konkret vəzifələrə uyğun olaraq son 5 ildə Nazirliyin rəhbərliyi tərəfindən 12 minə yaxın, o cümlədən respublikanın şəhər və rayonlarında 9 mindən çox, habelə ərazi polis orqanlarında 271 min vətəndaş qəbul edilərək hər bir müraciətin mahiyyəti üzrə lazımi tədbirlər görülüb, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll olunub. Həmçinin, 243 mindən çox müraciətə baxılaraq nəticələri üzrə təşəbbüskarlara hüquqları izah olunmaqla yazılı cavablar verilib.

Səfir Onno Kervers səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, ölkəmizdə olduğu müddətdə özünü çox təhlükəsiz şəraitdə hiss etməsindən, nəinki paytaxt Bakıda, Azərbaycanın bütün bölgələrində sabitliyin, əmin-amanlığın hökm sürməsindən məmnunluğunu ifadə edib, fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.