Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

III fəsil. Daxili işlər orqanlarında xidmət keçmə


29. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslər Azərbaycan Respublikasının «Polis haqqında» Qanununun 29-cu maddəsində göstərilmiş məzmunda və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada and içirlər.

30. Sıravi və kiçik, orta və böyük rəis heyəti vəzifələrinə təyin olunma və bu vəzifələrdən azad edilmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

31. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinləri vəzifələrinə təyin olunma və vəzifədən azad edilmə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Baş idarə və idarələrinin, ərazi və ixtisaslaşmış polis idarə və şöbələrinin, Polis Akademiyasının rəisləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vəzifəyə təyin olunurlar (bu vəzifələrə təyin olunan daxili işlər orqanlarının əməkdaşları ali hüquq təhsilli olmalıdırlar).

32. Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarına müvafiq həyata keçirilir.

33. Daxili işlər orqanları əməkdaşlarının xidmət yerlərinin dəyişdirilməsi aşağıdakı hallarda və qaydada həyata keçirilir:

1) yuxarı vəzifəyə—əməkdaşın razılığı ilə onun işgüzar, şəxsi keyfiyyətləri, peşə hazırlığı, vəzifə təsnifatı ilə tutduğu vəzifə üçün müəyyən edilmiş müddət nəzərə alınmaqla (bu müddət bir qayda olaraq iki ildən az olmamalıdır);

2) bərabər vəzifəyə—əməkdaşın razılığı ilə xidməti zərurət yarandıqda, həmçinin ailə vəziyyəti, səhhəti və yaşı ilə əlaqədar;

3) aşağı vəzifəyə:

ştatların ixtisarı ilə əlaqədar bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda; 

səhhətinə görə—tibb-həkim komissiyasının rəyinə əsasən; 

öz xahişi ilə; 

attestasiyanın nəticələrinə əsasən; 

intizam tənbehi qaydasında; 

təhsil müəssisəsinin əyani şöbəsinə daxil olduğuna görə, həmçinin təhsili başa vurduqdan sonra vəzifəyə təyin edildikdə; 

5) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə.

34. Daxili işlər orqanları əməkdaşının bir vəzifədən başqa vəzifəyə keçirilməsi, bütün hallarda səbəbləri göstərilməklə sənədləşdirilir və əməkdaşa elan edilir.

35. Ştatların ixtisar edilməsi ilə əlaqədar, yaxud səhhətinə görə vəzifə maaşı az olan aşağı vəzifəyə keçirilən əməkdaşın təqvim hesabı ilə 15 il və daha çox xidmət stajı olduqda onun sonuncu xidmət yeri üzrə vəzifə maaşı saxlanılır.

36. Aşağı vəzifəyə keçirilmiş əməkdaş, sonradan onun xidmət üzrə ixtisas dərəcəsi, iş təcrübəsi, işgüzar və şəxsi keyfiyyətləri, həmçinin səhhəti nəzərə alınmaqla yuxarı vəzifələrə təyin oluna bilər.

37. Daxili işlər orqanları əməkdaşlarının yaxın qohumlarının daimi yaşadığı inzibati ərazilərdə xidmət keçməsinə məhdudiyyət qoyula bilər. Bu məhdudiyyətin tətbiqi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

38. Daxili işlər orqanlarının əməkdaşına eyni zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan müddətə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda daxili işlər orqanları əməkdaşının vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir.

39. Daxili işlər orqanlarının əməkdaşı təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunduğu halda cinayət işi üzrə yekun qərar qəbul edilənədək vəzifədən kənarlaşdırıla bilər.

Daxili işlər orqanlarının əməkdaşı vəzifə borcunun icrasını davam etdirməyi mümkünsüz edən pozuntulara yol verdiyi hallarda 2 ay müddətinədək vəzifədən kənarlaşdırıla bilər. Bu müddət ərzində əməkdaşa tam həcmdə əmək haqqı ödənilir.

40. Təşkilati və ştat dəyişiklikləri ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tutduğu vəzifədən azad edilərək iki aydan artıq olmayan müddətə müvafiq orqanın sərəncamında saxlanıla bilər. Göstərilən müddətdə həmin əməkdaşa tam həcmdə əmək haqqı ödənilir və onun işlə təmin olunması məsələsi həll edilir.

41. Daxili işlər orqanlarının əməkdaşları qüvvədə olan qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq-mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçdikdə, daxili işlər orqanlarının kadrlarında saxlanıla bilərlər.

42. Ali dövlət hakimiyyəti orqanlarından işdən çıxan əməkdaşlar sonradan daxili işlər orqanlarında xidmətlərini davam etdirə bilərlər. Onların xüsusi rütbələri üçün müəyyən edilən müddət başa çatdığı təqdirdə növbəti xüsusi rütbələrinin müddəti əvvəlki xüsusi rütbələrdə xidmət müddətinin bitdiyi vaxtdan hesablanır. Həmçinin bu orqanlarda işlədiyi müddət xidmət stajına daxil edilir.

43. Daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi və təliminin təşkili məqsədi ilə əməkdaşların peşə hazırlığı həyata keçirilir.

Daxili işlər orqanları əməkdaşlarının peşə hazırlığına ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq, xüsusi, döyüş və fiziki hazırlıq, xüsusi təyinatlı və digər aidiyyəti təhsil müəssisələrində mütəxəssislərin hazırlığı daxildir.

Daxili işlər orqanları əməkdaşlarının xüsusi, döyüş və fiziki hazırlığı mütəmadi yoxlanılır.

Peşə hazırlığının təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təlim, tədris planına və proqramlarına uyğun aparılır.

44. Daxili işlər orqanı əməkdaşlarının işgüzar, mənəvi və şəxsi keyfiyyətlərini tam və obyektiv qiymətləndirmək, xidmətə və tutduğu vəzifəyə uyğunluq dərəcəsini müəyyən etmək məqsədilə onların attestasiyası keçirilir.

Daxili işlər orqanları əməkdaşlarının attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

45. Daxili işlər orqanları əməkdaşlarının attestasiyası Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və qaydada həyata keçirilir.

46. Daxili işlər orqanları əməkdaşlarının attestasiyası müvafiq vəzifədə azı bir il çalışdıqdan sonra keçirilə bilər.

Attestasiya olunan daxili işlər orqanları əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.

47. Daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzdində mərkəzi attestasiya komissiyası, onun sisteminə daxil olan orqan və hissələrdə isə attestasiya komissiyaları yaradılır.

48. Attestasiya komissiyası kollegial orqandır və say tərkibi təkrəqəmli olmaqla beş nəfərdən az olmamalıdır.

49. Attestasiya keçirilməsinin digər qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.