DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Faydalı məlumatlar

Daxili işlər orqanlarında xidmətə qəbul

1. Daxili işlər orqanlarında xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyətli (qadınlar istisna olmaqla), Azərbaycan Respublikasının dövlət dilini bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədris müəssisələrinə yaşı 18-ə çatmamış orta təhsilli şəxslər də qəbul edilə bilərlər.

Maliyyə, təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin mühəndis-proqramçı, tədris müəssisələrində orta və böyük rəis heyəti vəzifələrinə yaşı 35-dək olan şəxslər qəbul oluna bilərlər.

Zərurət yarandıqda tədris müəssisələrinə və digər xidmət sahələrinə yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər qəbul oluna bilərlər.

2. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxs aşağıdakı sənədləri təqdim edir:

1) şəxsi ərizə;
2) şəxsiyyətini təsdiq edən sənəd;
3) əmək kitabçası;
4) hərbi bilet;
5) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;
6) tərcümeyi-hal;
7) yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar.

3. Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqə test imtahanlarından və söhbətdən ibarətdir).

4. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, daxili işlər orqanlarının əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə  orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər.

5. Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə tam orta, orta ixtisas və ali təhsilli şəxslər qəbul edilirlər.

6. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə bir qayda olaraq xüsusi təyinatlı və digər təhsil müəssisələrini bitirən orta ixtisas və ali hüquq təhsilli şəxslər qəbul edilirlər.