Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2006-cı ilin yekun təhlili


2006-cı ildə daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili

2006-cı ildə daxili işlər orqanları tərəfindən insanların həyat və sağlamlığının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, ölkədə sabitliyin, hüquq qaydalarının və ictimai təhlükəsizliyin təminində üzərlərinə düşən vəzifələr uğurla yerinə yetirilmiş, kriminogen durum daim nəzarətdə saxlanılmışdır.

2006-cı ilin yanvar-dekabr aylarında ölkədə 19045 (ötən ilin müvafiq dövrü ilə müqayisədə +996 və ya 5,5% çox), o cümlədən daxili işlər orqanları tərəfindən 18267 (+1012 və ya 5,9%) cinayət qeydə alınmışdır. Respublika əhalisinin hər 100000 nəfərinə 223 cinayət  düşmüşdür.

Daxili İşlər Nazirliyi üzrə qeydə alınmış cinayətlərin 8155 (44,6%) böyük ictimai təhlükə törətməyən, 8411 (46,1%) az ağır, 1701 (9,3%) ağır  və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 7031(2005-ci ilin müvafiq dövrü ilə müqayisədə +167 və ya 2,4% çox) şəxsiyyət əleyhinə,  6033 (+431 və ya 7,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 4455  (+406 və ya 10,0%) iqtisadi sahədə törədilən, onlardan 4339 (+383 və ya 9,7%) mülkiyyət əleyhinə,  748 isə (+11və ya 1,5%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i  az ağır və ya böyük ictimai təhlükə törətməyən,  hər 8-si narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı, hər   9-su oğurluq,  hər 11-si isə yol-nəqliyyat hadisələri ilə bağlı olmuşdur.

Qeyd olunmalıdır ki, daxili işlər orqanları tərəfindən  uçota alınmış cinayətlərin 90,2%, o cümlədən şəxsiyyət əleyhinə olan cinayətlərin 97,3%, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlərin 91,8 %, onlardan insan alveri ilə bağlı cinayətlərin 96,7%, narkotik vasitələrlə bağlı cinayətlərin 94,4%, xuliqanlıqların 94,2%,   adam oğurluqlarının 91,7%, hədə-qorxu ilə tələb etmə cinayətlərinin 90,6%, banditizm və insan alveri cinayətlərinin isə hamısının açılması təmin edilmişdir.

2006-cı ildə cinayətkarlığın dinamikası keçən ilin analoji  dövrü ilə müqayisədə qəsdən adam öldürmənin (cəhdlərlə) 7,3 % (-21 fakt; 2006-ci ildə- 267, 2005-ci ildə -288), adam oğurluğunun 27,6% (-8; 21-29), zorlamanın(cəhdlərlə) 20,5% (-9; 35-44), seksual xarakterli zorakılıq hərəkətlərinin 30,4% (-14; 32-46), oğurluğun 0,6% (-12; 2139-2151), o cümlədən mənzillərdən oğurluqların 12,1% (-83; 605-688), avtonəqliyyatın qaçırılmasının 5,6% (-7; 117-124), qaçaqmalçılığın 31,6% (-18; 39-57), xuliqanlığın 2,8%(-38; 1320-1358), quldurluğun 3,0% (-5; 160-165), mənimsəmə və israfetmə cinayətlərinin 31,3% (-41; 90-131) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti  ümumiyyətlə qeydə alınmamışdır.

Törədilmiş soyğunçuluq 42 (+21,4%; 238-196), dələduzluq 284 (+30,5%; 1215-931),  narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 151 (+7,2%; 2253-2102), o cümlədən satış və ya satış  məqsədilə 28 (+3,8%;   768-740), ekoloji cinayətlər 22 (+17,9%; 145-123), yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətləri 173 (+11,4%; 1687-1514), o cümlədən  ölümlə nəticələnən YNH 40 (+5,5%; 766-726) fakt artmışdır. Yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlər nəticəsində 947 şəxs həlak olmuşdur.

İnsan alverinə qarşı mübarizə sahəsində fəaliyyətin gücləndiirilməsi və keçirilmiş  əməliyyat-axtarış tədbirləri nəticəsində 2006-cı ildə aşkar edilmiş 211 (+51; 31,9%) belə cinayət faktına görə 207 nəfər məsuliyyətə cəlb olunmuş, 23 cinayətkar qrup, 4 mütəşəkkil dəstə  zərərsizləşdirilmişdir. Qadınlara qarşı törədilənlən belə cinayətlərin sayı  3,5 dəfə (+55; 77-22) artmış və həmin cinayətləri törədənlərin yarıya qədərini (47,9%) qadınlar təşkil etmişdir.

Odlu silahla törədilən cinayətlərin sayı 10,0% (+8; 88-80) artmış, ictimai yerlərdə, o cümlədən küçə və parklarda baş vermiş cinayətlər müvafiq olaraq 1,6% (-24; 1499-1523) və 3,5% (-23; 641-664) azalmışdır.

Hesabat dövründə qanunsuz dövriyyədən 251 kiloqramdan çox  narkotik vasitə götürülmüş, 38 kiloqrama yaxın narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınmışdır. Keçirilmiş tədbirlər nəticəsində 510 kiloqrama qədər yaşıl kütlə şəklində narkotik xassəli bitki məhv edilmişdir.

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2008 nəfərdən  1920 (95,6%) əmək qabiliyyətli işləməyən və oxumayan, 590 (29,4%) əvvəllər cinayət törətmiş şəxslər, 75 (3,7%) qadınlar, 6 (0,3%) yetkinlik yaşına çatmayanlardır.

2006-cı ildə daxili işlər orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində keçmiş illərdən bağlı qalmış 277, o cümlədən  54 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

Daxili işlər orqanları tərəfindən cinayətkarlığın mütəşəkkil və təhlükəli növləri ilə aparılan məqsədyönlü mübarizənin nəticəsində 2006-cı il ərzində ağır və xüsusilə ağır cinayətlər törətmiş 772 nəfərdən ibarət 268 cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş,  qrup halında törədilən cinayətlərin sayı 11,3%(-257) azalmışdır.

2005-ci ilə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı 29,3% (-181; 437-618), qadınlar tərəfindən 0,9% (-20; 2166-2186), əvvəllər cinayət etmiş şəxslər tərəfindən  6,6 % (-123; 1729-1852),  xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər tərəfindən törədilmiş cinayətlər isə 20,6  % (-86; 332-418) azalmışdır.

2006-cı ildə axtarışda olan təqsirləndirilən şəxslərin 4429-u (71,8%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan şəxslərin 414-ü (32,6%), həmçinin xarici ölkələrdə gizlənmiş 174 təqsirləndirilən şəxs tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 1462 nəfərdən  1076-nın (73,6%)  yeri müəyyən edilmişdir.

Hesabat dövründə 12272 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 1345 (11,0 %) qadınlar, 353 (2,9%) yetkinlik yaşına çatmayanlar, 10542 (85,9%) işləməyən və oxumayan, 1370 (11,2%) isə əvvəllər məhkum edilmişlər olmuşdur.

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi