Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı


“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət orqanlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Sərəncamla təsdiq edilmiş Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyul 2014-cü il

      № 667

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı

 

1. Giriş

 Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqlarının, respublikanın vətəndaşları üçün layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunu qeyd edərək,

2009-cu il 6 fevral tarixli “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”na uyğun həyata keçirilən tədbirlərin davamı olaraq,

insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını rəhbər tutaraq,

insan alveri cinayətlərinin insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratdığını, insan hüquqlarını pozduğunu, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olduğunu nəzərə alaraq,

qanunvericiliklə müəyyən edilmiş məqsədlərlə yanaşı, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsi məqsədi ilə,

insan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın, bu mübarizənin ən yüksək səviyyədə təşkil edilməsi üzrə beynəlxalq tədbirlərdə fəal iştirakın zəruriliyini vurğulayaraq,

insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən təşəbbüsləri dəstəkləyərək, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014–2018-ci illər üçün Milli Fəaliyyət Planı (bundan sonra – Milli Fəaliyyət Planı) qəbul edilir.

 

2. Milli Fəaliyyət Planının məqsədi və həyata keçirilməsi prinsipləri 

2.1. Milli Fəaliyyət Planının məqsədi aşağıdakı istiqamətlər üzrə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsidir:

2.1.1. şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması;

2.1.2. insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması;

2.1.3. şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının sosial müdafiəsinin təmin edilməsi;

2.1.4. insan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması;

2.1.5. insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyasının təmin edilməsi;

2.1.6. insan alveri qurbanlarının və potensial qurbanlarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılması;

2.2. Milli Fəaliyyət Planı qeyd edilən məqsədlərə nail olunması üçün əsas vəzifələri (tədbirləri), onların icra edilməsində müxtəlif qurumların (icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və digər qurumlar) iştirakını, bu qurumların fəaliyyətinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (bundan sonra - Milli Koordinator) tərəfindən əlaqələndirilməsini və insan alverinə qarşı mübarizə sahəsində digər tədbirləri nəzərdə tutur.

2.3. İnsan alverinə qarşı mübarizə aparan bütün qurumlar Milli Fəaliyyət Planı üzrə müəyyən olunmuş tədbirləri aşağıdakı prinsipləri rəhbər tutmaqla həyata keçirirlər:

2.3.1. insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması;

2.3.2. insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi;

2.3.3. insan alverinə görə cəzanın labüdlüyü;

2.3.4. hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi;

2.3.5. insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi;

2.3.6. insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;

2.3.7. vəzifələrin “yalnız zəruri məlumatlara malik olma” prinsipinə əsaslanmaqla icra edilməsi.

 

3. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik tədbirləri 

3.1. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər qanunvericilik aktlarından ibarətdir.

3.2. İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdən, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə bu sahədə beynəlxalq təcrübələr nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi təmin ediləcəkdir.

3.3. 2008-ci il noyabrın 17-də Azərbaycan Respublikasının qoşulduğu “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsi və şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması məqsədi ilə həssas qrupa aid olan qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq işlər görüləcəkdir.

3.4. “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın, “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın, “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın, “İnsan alveri qurbanlarına kömək fondu haqqında Əsasnamə”nin, “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın və digər aidiyyəti normativ hüquqi aktların təkmilləşdirilməsi nəzərdə tutulur.

 

4. İnsan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi 

4.1. İnsan alverinin qarşısının alınması qanunvericilik çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir.

4.2. İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsi təmin olunur, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma həyata keçirilir.

4.3. İnsan alveri cinayətlərindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına xidmət edən “qaynar xətt” barədə ictimaiyyətin məlumatlandırılması davam etdiriləcək, xidmətdə çalışan operatorlara mütəmadi təlim keçirilməsi, bu xətlərin təhlükəsizliyinin və ondan istifadə edən şəxslərin konfidensiallığının, həmçinin xidmətin təşkilati-texniki imkanlarının artırılmasının təmin edilməsi üçün müvafiq tədbirlər görüləcəkdir.

4.4. İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə metodik-tədris vəsaitlərinin hazırlanması, insan alverinə qarşı mübarizəyə dair elmi tədqiqatların aparılmasının təmin edilməsi və əldə edilmiş nəticələrdən mübarizə tədbirlərinin səmərəsini artırmaq üçün istifadə edilməsi nəzərdə tutulur.

4.5. Uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlər gücləndiriləcəkdir.

4.6. Qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi məqsədi ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə monitorinqlərin, yoxlama tədbirlərinin həyata keçirilməsi, insan alverinə şərait yaradan halların müəyyənləşdirilməsi və bu halların aradan qaldırılması istiqamətində işlərin görülməsi, əmək miqrasiyasına nəzarətin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

4.7. İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara yönəldilməsi, insan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi istiqamətində zəruri tədbirlər görüləcəkdir.

4.8. Kütləvi informasiya vasitələrinin, internet səhifələrinin mütəmadi monitorinqini aparmaqla, insan alveri ilə bağlılığı ola biləcək şübhəli təkliflərin mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi, habelə ölkədaxili və beynəlxalq əməkdaşlıq imkanlarından istifadə etməklə, insan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının əməkdaşları və vətəndaş cəmiyyəti nümayəndələri üçün xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur.

 

5. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibi 

5.1. İnsan alveri cinayətlərinin təqibi həmin cinayətlərin müəyyən edilməsi, insan alverçisinin ifşa olunması, ona ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiəsi, insan alverçisinə cəza təyin edilməsi, zəruri olduqda isə prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsindən ibarətdir.

5.2. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin (bundan sonra - Baş İdarə) fəaliyyətini gücləndirmək və əməkdaşlarının peşəkarlıq səviyyəsini yüksəltmək üçün tədbirlər həyata keçiriləcəkdir.

5.3. İnsan alverinə qarşı mübarizə üzrə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəхslərin müdafiəsi işini təkmilləşdirmək və istintaq üçün faydalı olan informasiyanın verilməsini stimullaşdırmaq üçün tədbirlər görülməsi nəzərdə tutulur.

5.4. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibini həyata keçirən orqanlar arasında əməkdaşlığın təkmilləşdirilməsi, səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, insan alverinə qarşı mübarizə sahəsində yaranan problemlərin birgə öyrənilməsi təşkil ediləcək, əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi üzrə beynəlxalq əməkdaşlıq genişləndiriləcəkdir.

5.5. Transmilli mütəşəkkil cinayətkar qrupların insan alverçiləri ilə əlaqələrinin müəyyən edilməsi, habelə insan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması, onun aşkar edilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi nəzərdə tutulur.

5.6. Respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən insan alverinin qurbanı olan uşaqların, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi üçün müvafiq tədbirlər görüləcək, miqrantları məcburi əməyə cəlb edən insan alverçilərinə (fiziki və ya hüquqi şəxslərə) qarşı mübarizə gücləndiriləcək, insan alveri ilə bağlı istismar əlaməti müəyyən edilən hər bir əməlin cinayət təqibi aparılacaq, insan alveri cinayəti yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın (insan alverinin törədilməsi nəticəsində birbaşa və ya dolayısı ilə əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlər) leqallaşdırılmasına qarşı mübarizə tədbirləri gücləndiriləcəkdir.

 

6. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası 

6.1. İnsan alveri qurbanlarının sosial reabilitasiyası, cəmiyyətə reinteqrasiyası onların normal həyat tərzinə qaytarılması məqsədi ilə həyata keçirilir və insan alveri qurbanlarına hüquqi yardım göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün müvafiq tədbirlər görülməsi, həmin şəxslərin işlə və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə olunmasını nəzərdə tutur.

6.2. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən, onların Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına və yaxud iradələrinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir, qurbanların, xüsusilə uşaqların yaşı, cinsi və tələbatı, o cümlədən sığınacağa, təhsilə və qayğıya olan ehtiyacları nəzərə alınır.

6.3. Cinayət təqibi orqanının müraciətinə əsasən, dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərilməsi işini davam etdirəcəklər.

6.4. İnsan alveri qurbanları üçün regionlarda yeni sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması və onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, insan alveri probleminin yerlərdə sosial-psixoloji aspektlərinin öyrənilməsi, bu vəziyyəti yaradan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə müvafiq tədbirlərin görülməsi, insan alveri qurbanlarına və potensial qurbanlarına ayrılmış stasionar və ya ambulator tipli müəssisələrdə tibbi yardım göstərilməsinin davam etdirilməsi, zərurət yarandıqda, bu müəssisələrə ixtisaslı mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur.

6.5. İnsan alveri qurbanları üçün xüsusi müəssisələrdə (sığınacaq və yardım mərkəzləri) qurbanlara və potensial qurbanlara tibbi, psixoloji və digər yardımların göstərilməsinə məsul olan mütəxəssislərin sayının artırılması və onlara müvafiq təlimlərin keçilməsi, insan alveri qurbanlarının, həmçinin potensial qurbanlarının əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, məşğulluq probleminin həlli istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.

6.6. İnsan alverinin qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə, qurbanlara hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına qeyri-hökumət təşkilatlarının cəlb olunması işi davam etdiriləcəkdir.

 

7. İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi 

7.1. İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalı, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, uşağın hüquqlarının və qanuni maraqlarının qorunması üçün müvafiq tədbirlər görülməlidir. Bu normativ hüquqi aktlarla yanaşı, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında qanunvericiliyin müddəaları rəhbər tutulmaqla, insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası xüsusi tərtib edilmiş proqramlar əsasında həyata keçiriləcək.

7.2. Qəyyumluq və himayə orqanları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar insan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqların hüquq və mənafelərinin qanunvericiliyə uyğun olaraq qorunmasında, onların sosial reabilitasiyasının həyata keçirilməsində yaxından iştirak edərək müvafiq tədbirlər görəcəklər.

7.3. Dövlətin himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədi ilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, sosial-məsləhət yardımı göstərilməsi, insan alverinin qurbanı olmuş uşaqların təhsillərini davam etdirmək imkanlarının təmin edilməsi, müvəqqəti sığınacaqlarda yaşayan uşaqların təhsilinin həmin yerlərdə təşkil edilməsi, insan alverinin qurbanı olmuş uşaqların ümumtəhsil məktəblərində təhsil aldıqları müddətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması üçün tədbirlər görülməsi, uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlərin görülməsi nəzərdə tutulur.

7.4. Övladlığa, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqi aparılacaq və bu məqsədlə yerlərdə monitorinq qrupları yaradılacaq, şəxsiyyəti təsdiq edən sənədi olmayan uşaqların müvafiq sənədlərlə təmin edilməsinə kömək göstəriləcək, uşaqlarla işləyən sosial iş institutunun formalaşması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir.

 

8. İnsan alveri qurbanlarının müdafiəsi 

8.1. İnsan alverindən zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” və “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir və tətbiq olunan təhlükəsizlik tədbirləri təhlükə tam aradan qalxanadək davam etdirilir.

8.2. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq, insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirməyə davam edəcəklər.

 

9. Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin, insan alverinə qarşı mübarizə üzrə dəstəyin və resursların əlaqələndirilməsi

             9.1. Milli Fəaliyyət Planı həmçinin, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemi təmin etmək məqsədi daşıyır. Milli Koordinator Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs olaraq, iştirakçıların qarşılıqlı əməkdaşlığının vahid sistemini yaratmaq və bu qurumlar arasında məlumat mübadiləsini təmin etmək məqsədi ilə ümumi fəaliyyəti əlaqələndirir.

9.2. Milli Koordinator Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi üzrə müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının dəstəyini əlaqələndirir, Milli Fəaliyyət Planının icrasından irəli gələn tələbatı müəyyən edərək, həlli üçün müvafiq tədbirlər görür, insan alverinə qarşı mübarizə vəziyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) illik məlumat təqdim edir və Milli Fəaliyyət Planında nəzərdə tutulan vəzifələrin icrası istiqamətində digər funksiyaları həyata keçirir.

9.3. Milli Fəaliyyət Planında göstərilən tədbirlərin həyata keçirilməsi zamanı donor dəstəyinin (informasiya, metodiki, təşkilati, maddi, konsultativ və s. dəstəyin) əlaqələndirilməsi, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların resurslarından birgə istifadənin həyata keçirilməsini ehtiva edir.

9.4. Milli Koordinator Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı donor təşkilatlarla əməkdaşlığı gücləndirəcəkdir.

 

10. İnsan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi 

10.1. Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində digər dövlətlərlə, xüsusən təyinat və mənbə ölkələrinin hüquq mühafizə və başqa dövlət orqanları ilə, habelə aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirəcəkdir.

10.2. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın iclaslarına və qeyri-hökumət təşkilatları ilə keçirilən görüşlərə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən və tərəfdaş olan beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edilməsi davam etdiriləcəkdir.

10.3. İnsan alvеrinə qarşı mübarizə sahəsində qanunvеriciliyin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupu dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri ilə və beynəlxalq tərəfdaşlarla yaxından əməkdaşlıq edəcəkdir.

10.4. İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, eləcə də yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənclərin sosial-məişət problemlərinin həlli istiqamətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təkliflər verilməsi nəzərdə tutulur.

 

11. İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə 

11.1. İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə və təbliğat işinin təşkili insan alverinin profilaktikası üzrə tədbirlər sisteminə daxildir.

11.2. Ölkəyə daxil olan şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün mütəmadi tədbirlərin görülməsi və bu məqsədlə hazırlanmış maarifləndirici vəsaitlərin sərhəd və gömrük keçid məntəqələrində paylanılması təmin ediləcək, insan alverinin qarşısının alınması məqsədi ilə müxtəlif nəşrlərin hazırlanması, sosial reklamların, qısametrajlı filmlərin çəkilməsi və nümayiş etdirilməsi üzrə tədbirlər həyata keçiriləcəkdir.

11.3. Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirləri davam etdiriləcək, xüsusilə uşaq əməyinin istismarının baş verməməsi məqsədi ilə özəl qurumlarda müvafiq təbliğat və maarifləndirmə işləri aparılacaqdır.

11.4. İnsan alverinin və qanunsuz miqrasiyanın mahiyyətinə, onların müxtəlif təzahür formalarına dair kütləvi informasiya vasitələrinin əməkdaşları üçün sahə mütəxəssislərinin iştirakı ilə kursların təşkili, belə məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılması xüsusiyyətləri ətrafında müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur.

11.5. Respublika ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün maarifləndirmə tədbirləri keçiriləcək, müxtəlif növ maarifləndirici materiallar turizm şirkətlərinə paylanılacaqdır.

 

12. Milli Fəaliyyət Planının maliyyələşdirilməsi 

Milli Fəaliyyət Planında göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar vəsaitlər, qrantlar, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

13. Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı 

TƏDBİRLƏR PLANI 

Sıra

№-si

Tədbirin adı

İcraçı orqanlar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

13.1. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik tədbirləri

13.1.1.

Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasından irəli gələn tələblər nəzərə alınmaqla, insan alverinə qarşı mübarizə sahəsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti

2014-2016

13.1.2.

“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsi üçün tədbir görülməsi

Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi

2016

13.1.3.

İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə həssas qrupa aid qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təkliflər hazırlanması

Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi

2015

13.1.4.

Uşaqların internet və mobil telefon vasitələrindən təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədi ilə təkliflər hazırlanması

Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Təhsil Nazirliyi

2015

13.1.5.

“İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın və “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təkmilləşdirilməsi

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi 

2014-2016

13.1.6.

“İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın təkmilləşdirilməsi

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2014-2016

13.1.7.

İnsan alverinin qurbanına verilən 30 gün bərpa və fikirləşmə müddətinin cinayət təqibi üzrə prosessual qaydada hüquqi tənzimlənməsi ilə əlaqədar təkliflərin hazırlanması

Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi

2015

13.1.8.

“İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın, “İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə”nin və digər aidiyyəti normativ hüquqi aktların təkmilləşdirilməsi

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2015-2017

13.2. İnsan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi

13.2.1.

İnsan alveri cinayətlərindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan və potensial qurbanlarına xidmət edən telefon “qaynar xətt”in təşkilati-texniki imkanlarının artırılması

Daxili İşlər Nazirliyi

2015

13.2.2.

İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə metodik-tədris vəsaitlərinin və təşviqat materiallarının hazırlanması

Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları

2014-2016

13.2.3.

İnsan alverinə qarşı mübarizəyə dair elmi və sosial tədqiqatların aparılması, ictimai rəyin öyrənilməsi üçün sorğu və sair tədbirlərin həyata keçirilməsi

Daxili İşlər Nazirliyi, ali təhsil müəssisələri, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2014-2016

13.2.4.

Uşaq əməyinə dair beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlərin gücləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

mütəmadi

13.2.5.

Qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi üzrə fəaliyyətin gücləndirilməsi və bununla bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə monitorinqlərin həyata keçirilməsi, insan alverinə şərait yaradan halların müəyyənləşdirilməsi və bu halların aradan qaldırılması üçün birgə tədbirlərin görülməsi

Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları

mütəmadi

13.2.6.

Əmək miqrasiyasına nəzarətin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti

mütəmadi

13.2.7.

İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara yönəldilməsi

Yerli icra hakimiyyəti orqanları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

mütəmadi

13.2.8.

İnsan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti orqanları

mütəmadi

13.2.9.

Kütləvi informasiya vasitələrinin, internet səhifələrinin mütəmadi monitorinqi aparılmaqla, insan alveri ilə bağlılığı ola biləcək şübhəli təkliflərin mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi

Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

mütəmadi

13.2.10.

İnsan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının əməkdaşları, təlim-tərbiyə və təhsil müəssisələrinin işçiləri, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri üçün xüsusi tədris kurslarının təşkili və bununla bağlı ölkədaxili və xarici əməkdaşlıq imkanlarından geniş istifadə edilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları

mütəmadi

13.3. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibi

13.3.1.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlərin davam etdirilməsi, onun kadr potensialının, maddi və texniki bazasının beynəlxalq tələblərə uyğun gücləndirilməsi

Milli Koordinator, Daxili İşlər Nazirliyi

2014-2016

13.3.2.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və onların fəaliyyətində korrupsiya hüquqpozmalarının qarşısının alınması üzrə tədbirlərin gücləndirilməsi

Daxili İşlər Nazirliyi

mütəmadi

13.3.3.

İnsan alverinə qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəхslərin müdafiəsi işinin təkmilləşdirilməsi, istintaq üçün faydalı olan informasiyanın verilməsini stimullaşdırma tədbirlərinin davam etdirilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti

mütəmadi

13.3.4.

İnsan alveri cinayəti ilə mübarizə aparan orqanlar arasında əməkdaşlığın təkmilləşdirilməsi, səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi və insan alverinə qarşı mübarizə sahəsində yaranan problemlərin birgə öyrənilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti

mütəmadi

13.3.5.

Transmilli mütəşəkkil cinayətkar qrupların insan alverçiləri ilə əlaqələrinin müəyyən edilməsi, habelə insan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması, onun aşkar edilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi

Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi

mütəmadi

13.3.6.

Respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən insan alverinin qurbanı olan uşaqların, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq səylərin gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

mütəmadi

13.3.7.

Miqrantları məcburi əməyə cəlb edən insan alverçilərinə (fiziki və ya hüquqi şəxslərə) qarşı mübarizə fəaliyyətinin gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

13.3.8.

İnsan alveri cinayəti ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi

mütəmadi

13.3.9.

İnsan alveri cinayəti yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi

Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi

mütəmadi

13.4. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası

13.4.1.

İnsan alveri qurbanları üçün regionlarda sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması və onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2014-2017

13.4.2.

İnsan alveri probleminin regionlarda sosial-psixoloji aspektlərinin öyrənilməsi, bu halı yaradan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə tədbirlərin görülməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar

2014-2016

13.4.3.

İnsan alveri qurbanlarına və potensial qurbanlarına ayrılmış stasionar və ambulator tipli müəssisələrdə tibbi yardım göstərilməsinin davam etdirilməsi, zərurət yarandığı hallarda bu müəssisələrə müxtəlif ixtisaslı mütəxəssislərin cəlb edilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

13.4.4.

İnsan alveri qurbanları üçün xüsusi müəssisələrdə (sığınacaq və yardım mərkəzləri) qurbanlara, potensial qurbanlara tibbi, psixoloji və digər yardımların göstərilməsinə məsul olan mütəxəssislərin sayının artırılması və onlara müvafiq təlimlərin keçilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi

2014-2017

13.4.5.

İnsan alveri qurbanlarının, həmçinin potensial qurbanların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, məşğulluq probleminin həlli istiqamətində tədbirlər görülməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi

mütəmadi

13.4.6.

İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə, qurbanlara hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının cəlb olunması işinin davam etdirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

mütəmadi

13.5. İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi

13.5.1.

İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqların qəyyumluq və himayə orqanları və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən hüquq və mənafelərinin qanunvericiliyə uyğun olaraq qorunması, onların sosial reabilitasiyasının həyata keçirilməsi

Qəyyumluq və himayə orqanları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar

mütəmadi

13.5.2.

İnsan alverinin qurbanı olan uşaqların təhsillərini davam etdirmək imkanlarının təmin edilməsi, onların müvəqqəti yaşadığı yer üzrə ümumi orta təhsil müəssisəsinə qəbul edilməsi üzrə tədbirlərin gücləndirilməsi

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi

mütəmadi

13.5.3.

Dövlətin himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədi ilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, sosial-məsləhət yardımı göstərilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

mütəmadi

13.5.4.

Psixoloji-sosial durumundan asılı olaraq, reabilitasiya keçən və ya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvəqqəti sığınacaqlarda yaşayan uşaqların təhsilinin həmin yerlərdə təşkil edilməsi

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

13.5.5.

İnsan alverinin qurbanı olan uşaqların ümumtəhsil məktəblərində təhsil aldıqları müddətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması üçün tədbirlər görülməsi

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

13.5.6.

Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlər görülməsi

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2014-2016

13.5.7.

Övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqinin aparılması və bu məqsədlə yerlərdə monitorinq qruplarının yaradılması

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2014-2016

13.5.8.

Şəxsiyyəti təsdiq edən sənədi olmayan uşaqların müvafiq sənədlərlə təmin edilməsi üçün tədbirlər həyata keçirilməsi

Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi

mütəmadi

13.5.9.

Uşaqlarla işləyən sosial iş institutunun formalaşması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2014-2016

13.6. İnsan alveri qurbanlarının müdafiəsi

13.6.1.

“Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” və “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, insan alverindən zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təhlükə tam aradan qalxanadək təmin edilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti

mütəmadi

13.6.2.

Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirməsi

Xarici İşlər Nazirliyi

mütəmadi

13.7. Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin, insan alverinə qarşı mübarizə üzrə dəstəyin və resursların əlaqələndirilməsi

13.7.1.

Milli Fəaliyyət Planının icrasından irəli gələn tələbatın müəyyən edilərək müvafiq tədbirlərin görülməsi

Milli Koordinator, Daxili İşlər Nazirliyi

2014-2018

13.7.2.

Milli Fəaliyyət Planının həyata keçirilməsi üçün donor təşkilatlarla əməkdaşlığın gücləndirilməsi

Milli Koordinator, Daxili İşlər Nazirliyi

2014-2018

13.7.3.

Milli Fəaliyyət Planına göstərilən dəstəyin əlaqələndirilməsi, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının resurslarından, beynəlxalq təşkilatların və digər tərəfdaşların resurslarından birgə istifadənin həyata keçirilməsi

Milli Koordinator, Daxili İşlər Nazirliyi

2014-2018

13.8. İnsan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi

13.8.1.

İnsan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə digər dövlətlərlə, xüsusən təyinat və mənbə ölkələrinin aidiyyəti orqanları ilə və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

13.8.2.

İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın iclaslarına və qeyri-hökumət təşkilatları ilə keçirilən görüşlərə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən və tərəfdaş olan beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edilməsi

Daxili İşlər Nazirliyi

mütəmadi

13.8.3.

Yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və onların sosial reabilitasiyası sahəsində aidiyyəti qeyri-hökumət təşkilatları ilə və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi

mütəmadi

13.8.4.

İnsan alveri cinayətlərinin qarşısının alınması mövzusu üzrə beynəlxalq tədbirlərin keçirilməsi

Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, digər aidiyyəti dövlət orqanları

2016-2017

13.8.5.

İnsan alvеrinə qarşı mübarizə sahəsində qanunvеriciliyin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış İşçi Qrupunun dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri ilə və beynəlxalq tərəfdaşlarla əməkdaşlığının gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti

mütəmadi

13.8.6.

İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, həmçinin yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənclərin sosial-məişət problemlərinin həlli məqsədilə təkliflər verilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

2014-2016

13.9. İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə

13.9.1.

Ölkəyə daxil olan şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün tədbirlər görülməsi

Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Mülki Aviasiya Administrasiyası, Dövlət Dəniz Administrasiyası, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

13.9.2.

İnsan alverinin, xüsusilə qadın və uşaq alverinin, həmçinin məcburi əməyin qarşısının alınması məqsədi ilə hazırlanmış maarifləndirici vəsaitlərin sərhəd və gömrük keçid məntəqələrində paylanılması

Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

13.9.3.

İnsan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, bu məqsədlə müxtəlif sosial reklamların, çarxların, qısametrajlı filmlərin çəkilməsi, verilişlərin hazırlanması və nümayiş etdirilməsi, bukletlərin hazırlanması və əhaliyə paylanılması

Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2014-2016

13.9.4.

Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsi

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi

mütəmadi

13.9.5.

İnsan alverinin və qanunsuz miqrasiyanın mahiyyətinə, onların müxtəlif təzahür formalarına dair kütləvi informasiya vasitələri əməkdaşları üçün kursların təşkili, belə məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılması xüsusiyyətləri ətrafında müvafiq tədbirlərin keçirilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2014-2016

13.9.6.

Uşaq əməyinin istismarının baş verməməsi məqsədi ilə özəl qurumlarda müvafiq təbliğat və maarifləndirmə işlərinin aparılması

İqtisadiyyat və Sənaye Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

13.9.7.

Respublika ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün maarifləndirmə tədbirlərinin keçirilməsi, müxtəlif növ maarifləndirici materialların turizm şirkətlərinə paylanılması

Mədəniyyət və Turizm Nazirliyi, Daxili İşlər Nazirliyi

2014-2017

 

Qeyd.

1. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.1.1, 13.1.7, 13.2.5, 13.3.3-13.3.5, 13.3.7-13.3.9, 13.6.1 və 13.8.1-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

2. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.1.1 və 13.1.7-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

3. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsi edilsin ki, bu Milli Fəaliyyət Planının 13.4.1 və 13.4.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

4. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.1.1-13.1.3, 13.2.4 və 13.8.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

5. Azərbaycan Respublikasının Mətbuat Şurasına tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.2.9 və 13.9.5-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.