Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2016-cı ilin 1-ci yarımili üzrə təhlil


2016-cı ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair  təhlil

Azərbaycan Respublikası cinayətkarlığa qarşı mübarizənin, ictimai asayişin təmin edilməsinin vəziyyəti baxımından ictimai təhlükəsizliyin və əmin-amanlığın yüksək səviyyədə olduğu dövlət imicini bu gün də qoruyub saxlamaqdadır. Ötən 10 ildə hər il orta hesabla 20 minə yaxın cinayət qeydə alınmış və onların 90 faizə qədəri böyük ictimai təhlükə törətməyən və az ağır, qalan 10%-i ağır və xüsusilə ağır növlərdir. Birləşmiş Millətlər Təşkilatının rəsmi hesabatlarına görə əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,9 fakt, quldurluqlar 1,4 fakt, hədə-qorxu ilə tələb etmələr 0,4 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.  
Cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllər 2016-cı ilin 6 ayında da davam etmiş, kriminogen durumları nəzarətdə saxlanılmışdır.

Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14251 (2015-ci ilin müvafiq dövrü ilə müqayisədə +718 və ya +5.3%) cinayət qeydə alınmışdır. Onların 94,2 %-i və ya 13429-u daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuşdur. Bu cinayətlərin 85,2 faizini böyük ictimai təhlükə törətməyən (3645) və az ağır (7795), yalnız 14,8%-ni (1989) ağır və  xüsusilə ağır cinayətlər təşkil etmişdir.
Qeydə alınmış cinayətlərin strukturunda 2340-ı (2015-ci ilin 1-ci yarımilliyi ilə müqayisədə 15 və ya 0.6% çox) şəxsiyyət əleyhinə, 7271-i (+1890; +35.1%) iqtisadi sahədə törədilən, onlardan 7184-ü (+1879; +35,4%) mülkiyyət əleyhinə, 3441-i (-248;
-6,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 365-i (+4; +1.1%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Cinayətlərin açılması yaxşılaşaraq 84,4 faiz (+0,1%) təşkil etmişdir. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin (0,5%), şəxsiyyət (1,2%) və mülkiyyət (2,6%) əleyhinə olanların, qəsdən adam öldürməyə cəhdlərin (2,3%), qəsdən sağlamlığa ağır zərər vurmaların (1,1%) və  xuliqanlıqların (2,4%) açılması yaxşılaşmışdır. Adam oğurluğu, əzab vermə, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərinin açılması tam təmin edilmişdir.
Müvafiq tədbirlərin məntiqi nəticəsi olaraq, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması yaxşılaşmaqla (+2,8%) 74.9 faizə yüksəlmişdir.  
 
Belə ki, şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 5,2 faiz (-5, 91-96), zorlamalar 16,7 faiz (-3, 15-18), avtonəqliyyatın qaçırılması 13 faiz (-16, 108-124), xuliqanlıqlar 6,4 faiz (-33, 485-518), yol-nəqliyyat hadisələri 13,4 faiz (-140, 905-1045), qəzalarda həlak olanların sayı 25,3 faiz (-103; 
304–407), xəsarət alanların sayı 13,2 faiz (-147, 970-1117) azalmışdır.
Eyni zamanda, ictimai yerlərdə baş verən cinayətlər 8,4% (691-754) və yetkinlik yaşına çatmayanların cinayətləri -5,8% (244-259) azalmışdır.     

Mülkiyyət əleyhinə cinayətlərdən oğurluqlar 1140 (+37.5%; 4181-3041), dələduzluq cinayətləri 710 (+41.4%; 2427-1717), soyğunçuluqlar 24 (+16.7%;168-144), quldurluqla bağlı cinayətlər  12 (+ 14.0%; 98-86) fakt artmışdır.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqət qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəlmişdir. Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 1675 (-132), o cümlədən onların satışı ilə bağlı 429 (-49) fakt üzrə, cinayətkarlardan, ötən ilin 6 ayı ilə müqayisədə 177 kiloqram çox (+41%), bütövlükdə 609 kiloqram narkotik vasitə götürülmüşdr.
Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1132 nəfərdən 1023-ü (90,4%) əmək qabiliyyətli işləməyən və oxumayan, 430-u (38%) əvvəllər cinayət törətmiş şəxs, 13-ü (1,1%) qadınlardır.

Həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 75 nəfərdən ibarət 31 (+9) cinayətkar qrup zərərsizləşdirilmiş, 62,8 kq (+62,7 kq) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmış, ümumi çəkisi 102 tona yaxın (+11,1 ton) olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilmişdir. 
İnsan alverinə qarşı mübarizə sistemli və ardıcıl olmuşdur. Ötən ilin 6 ayı ilə müqayisədə 16,2 faiz çox (+13), yaxud 93 insan alveri cinayəti müəyyən edilmişdir. Bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı ilə 16 (+5) nəfər məhkəmə məsuliyyətinə verilmiş, həmin əməllərin qurbanı olmuş 52 (+4) şəxsin cəmiyyətə reinteqrasiyası təmin olunmuşdur.

Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 205, o cümlədən 29 ağır və xüsusilə ağır, “isti izlərlə” 581 və ya müqayisə edilən dövrə nisbətdə 24,4 faiz çox cinayət açılmışdır.
Cinayətlərdə təqsirləndirilən və şübhəli bilinən şəxslərin axtarışının nəticələri 4,1 faiz yaxşılaşaraq istintaq və məhkəmə orqanlarından yayınan 1536 nəfər, müqayisə edilən dövrə nisbətdə isə 30 faiz çox şəxs tutulmuşdur. 
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 51 (+1) nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 26 (+1) şəxsin yeri müəyyən olunmuşdur. Ümumilikdə, axtarılanların 56,8 (+4,1) faizinin tutulması təmin edilmişdir.

Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 (+156) ağır və xüsusilə ağır cinayət törətmiş 134 (-8) cinayətkar qrup zərərsizləşdirilmişdir. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 90 (+22) nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmışdır. Müvafiq fəaliyyət çərçivəsində müxtəlif cinayətlər törətmiş 7003 (+481), o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1121 (-41) nəfər məhkəmə məsuliyyətinə cəlb edilmişdir.


                                        Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi