Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Üçüncü fəsil. Yekun müddəalar


Maddə 17. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin hüquqi və sosial müdafiəsi 
I. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslər dövlət tərəfindən müdafiə olunurlar.
II. Əməliyyat-axtarış tədbirlərində şəxslərin könüllü iştirakı bağlanmış müqavilə əsasında həyata keçirilə bilər.
III. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin əmək haqqı, mükafat və digər maddi təminatlar almaq hüququ vardır.
IV. Əməliyyat-axtarış fəaliyyətində iştirak etmələri ilə əlaqədar şəxslərin, eləcə də onların yaxın qohumlarının həyatına, sağlamlığına və əmlakına real təhlükə yarandıqda səlahiyyətli orqanlar onların mühafizəsi və dəymiş zərərin ödənilməsi, həmçinin təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görürlər.
V. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
VI. Əməliyyat-axtarış tədbirlərində iştirak edərkən həlak olmuş, yaxud şikəst olmuş şəxslərin ailəsinə müvafiq olaraq min yüz manat və beş yüz əlli manat birdəfəlik müavinət verilir. Həmin şəxslərin ailəsinə həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada pensiya təyin edilir.
VII.Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrini yerinə yetirməsi müddəti və müvafiq surətdə onun maddi təminatı birin üçə nisbəti hesabı ilə hesablanır.
VIII.Əməliyyat-axtarış fəaliyyətinin subyekti ilə əməkdaşlığa cəlb olunmuş və cinayətin açılmasında fəal iştirak etmiş cinayətkar qrupun üzvü, tərkibində cinayət əlamətləri olan və ağır nəticələrə səbəb olmayan əməllər törədibsə və vurulmuş zərəri ödəyibsə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq cinayət məsuliyyətindən azad olunur.

Maddə 18. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin maddi-texniki və maliyyə təminatı 
I. Əməliyyat-axtarış fəaliyyətinin və avtomatlaşdırılmış informasiya sistemlərinin qurulmasının, saxlanılmasının və mühafizəsinin bu Qanunun tələblərinə uyğun surətdə həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə zəruri maliyyə vəsaitləri və maddi-texniki təminat verilir.
II. Əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər mənbələr hesabına maliyyələşdirilir. Bu vəsaitlərin xərclənməsi qaydalarını və normalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
III. Əməliyyat-axtarış subyektlərinin maddi-texniki təminatının qaydalarını və normalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
IV. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinə ayrılan maliyyə vəsaitinin xərclənməsinə həmin subyektlərin rəhbərləri tərəfindən nəzarət edilir.

Maddə 19. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində qanunçuluğun təminatı 
Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin rəhbərləri əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi zamanı qanunçuluğa əməl olunmasına nəzarət edirlər və buna görə fərdi məsuliyyət daşıyırlar.
Maddə 19-1. Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti 
Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Maddə 20. Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarəti 
I. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.
II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi barədə materiallar, məlumatlar və ya vətəndaşların yazılı ərizələri daxil olduqda, habelə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müəyyən olunmuş qaydalar və qəbul olunmuş qərarların qanuniliyi yoxlanıldıqda, prokurorların sorğuları əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsaslarına dair sənədləri təqdim etməlidirlər.
III. Cinayət məsuliyyətinə cəlb olunması halları istisna edilməklə, cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil olmuş şəxslərin, əməliyyat-axtarış subyektlərinin ştatdankənar və məxfi əməkdaşlarının şəxsiyyəti haqqında məlumatlar həmin şəxslərin yazılı razılığı olduqda qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda prokuror nəzarətinin subyektinə təqdim edilə bilər.
IV. Əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar (korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumatları istisna olmaqla) prokuror nəzarətinin predmetinə daxil deyil.
V. Əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar onlara verilən sənədlərdə əks olunan məlumatların məxfiliyini təmin etməlidirlər.

Maddə 21. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanunçuluğun pozulmasına görə məsuliyyət 
I. Əməliyyat-axtarış fəaliyyətinin bu Qanunla müəyyən edilmiş məqsədlərə, əsaslara və ya şərtlərə əməl edilmədən təşkili və həyata keçirilməsi, onun keçirilməsi üçün etibar olunmuş və ya iş və xidmətlə əlaqədar belə məlumatlarla tanış olmuş şəxslər onları yaymağa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq olaraq cinayət, inzibati və intizam məsuliyyəti daşıyırlar.
II. İnsanın hüquq və azadlıqları, hüquqi şəxslərin qanuni mənafeləri pozulduqda, habelə haqqında əməliyyat-axtarış tədbirləri keçirilmiş şəxsin hüquqpozmaya aidiyyəti təsdiq olunmadıqda əməliyyat-axtarış fəaliyyətinin subyekti pozulmuş hüququ bərpa etməyə və vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur.
III. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.