Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına lisenziyanın verilməsi


Müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına lisenziyanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş ictimai Təhlükəsizlik idarəsi (BİTİ) verir.

Lisenziya almaq üçün ərizəçi aşağıdakıları təqdim edir:

  • ərizə (ərizədə hüquqi şəxslərin – adı, təşkilatı–hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü, fiziki şəxslərin
  • adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsi haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü göstərilir);
  • hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
  • ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti;
  • ərizədə qeyd olunan obyektin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
  • otağın yararlı olmasını təsdiq edən polis və yanğından mühafizə xidmətlərinin nümayəndələri tərəfindən tərtib edilmiş akt.

Təqdim edilən sənədlər xüsusi kitabda qeydə alınır, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli 510 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə əsasən müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına görə 2.200 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur.

Ərizəçiyə lisenziya verilməsindən imtina edildikdə bu barədə ona imtinanın səbəbləri göstərilməklə 5 gün müddətində yazılı məlumat verilir.

Lisenziyanın verilməsi barədə qərar qəbul edildikdə ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi haqqında sənəd təqdim olunur.

Hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə həmin şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə onun adı dəyişdirildikdə, fiziki şəxsin vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı) dəyişdikdə, yaxud lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir. Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə müvəqqəti icazə əsasında həyata keçirilir. BİTİ–nin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə, lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdən sonra verilir.

Lisenziyada aşağıdakılar göstərilir:

  • lisenziya verən dövlət orqanının adı;
  • hüquqi şəxsin adı və ünvanı;
  • fiziki şəxslərin – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsi haqqında məlumat (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı);
  • həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;
  • lisenziyanın qüvvədə olma müddəti;
  • lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

Lisenziya BİTİ–nin rəisi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı–ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.
Lisenziya 5 il müddətinə verilir. Qüvvədə olma müddətinin uzadılması lisenziyanın mövcudluğunu təsdiq edən sənədin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

BİTİ hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət edir. Nəzarət-hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına dair ildə bir dəfə Azərbaycan Respublikasının iqtisadi inkişaf Nazirliyi tərəfindən müəyyən edilmiş formada məlumatın BİTİ–yə təqdim edilməsi yolu ilə həyata keçirilir.

BİTİ–nin nəzarət sahəsində aşağıdakı hüquqları vardır:

  • lisenziya almış hüquqi və fiziki şəxslərin fəaliyyətinin lisenziya tələblərinə və şərtlərinə uyğunluğunu yoxlamaq;
  • yoxlama zamanı hüquqi və fiziki şəxslərdən zəruri izahat və sənədlər tələb etmək;
  • yoxlamanın nəticələri əsasında pozuntuları konkret göstərməklə akt (protokol) tərtib etmək;
  • aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün qərar çıxarmaq;
  • hüquqi və fiziki şəxslərə xəbərdarlıq etmək.

Lisenziyanın fəaliyyəti BİTİ tərəfindən aşağıdakı hallarda dayandırılır:

  • lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
  • lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud -müvafiq dövlət orqanı tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;
  • lisenziya sahibinin müflisləşməsi faktı təsdiq edildikdə;

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

Lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edildiyi andan 3 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və ərazi vergi orqanına məlumat göndərilir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra lisenziya müraciətə əsasən bərpa edilə bilər. Bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, 3 gün müddətində lisenziyanın sahibinə və dövlət ərazi vergi xidməti orqanına məlumat göndərilir.

Lisenziya BİTİ tərəfindən aşağıdakı hallarda ləğv edir:

  • lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
  • lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə;
  • məhkəmənin müvafiq qərarı olduqda;
  • hüquqi şəxs ləğv edildikdə və fiziki şəxs vəfat etdikdə;

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

Lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul edildiyi andan 3 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat göndərilir.

Verilən, qeydə alınan, dayandırılan, bərpa və ləğv edilən lisenziyaların reyestri aparılır. Lisenziyanın reyestrdə qeydə alındığı tarixdən 10 gün müddətində ərazi vergi orqanına müvafiq məlumat göndərilir.