Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2012-ci il üzrə hesabatı (qısa ixtisarla)

02.11.2012
İnsan alverinə qarşı mübarizədə mütərəqqi və məqsədyönlü siyasət reallaşdıran ölkəmizdə sözügedən cinayətlərin qarşısının alınması, qurbanların müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyasını təmin etmək istiqamətində böyük bir fəaliyyət ortaya qoyulmuşdur.
İcrası məqsədyönlü şəkildə davam etdirilən Milli Fəaliyyət Planına uyğun olaraq, hesabat ilində, Cinayət Məcəlləsinə hüquqi şəxslərin məsuliyyətini, uşaq pornoqrafiyasının dğvriyyəsini cinayət tərkibi kimi müəyyən edən normalar əlavə edilmiş, habelə insan alverinin və məcburi əməyin qurbanları da daxil olmaqla çətin həyat şəraitində yaşayan şəxslərə dövlət qayğısının hüquqi, iqtisadi və təşkilati əsaslarını tənzimləyən “Sosial xidmət haqqında” Qanun qəbul olunmuşdur.
Nazirlər Kabineti tərəfindən - insan orqan və toxumalarının transplantasiyası qaydaları və şərtləri, bu əməliyyatların həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı, transplantasiya üçün insan orqan və toxumalarının götürülməsi, hazırlanması və saxlanması qaydaları təsdiqlənmişdir.
Diqqət çəkən məsələlərdən biri də Hökumətin Qərarı ilə, insan alverinin qurbanlarına reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin iki dəfə artırılaraq 400 manat müəyyən edilməsi olmuşdur.
Qurbanlara təxirəsalınmaz tibbi, psixoloci, sosial və hüquqi yardımların göstərilməsində, məşğulluqlarının təmin edilməsində, maarifləndirmə və təbliğat işlərinin aparılmasında qeyri-hökumət təşkilatlarının fəaliyyəti də effektli olmuşdur.
Belə ki, sərhəd və gömrük keçid məntəqələrində, təyinat ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində, turizm şirkətlərində və digər aidiyyəti qurumlarda izahedici işlər aparılmış, xarici ölkələrdə işə düzəlmək üçün vasitəçilik edən şirkətlərin işçilərinə insan alverinin qarşısının alınması ilə bağlı treninqlər keçirilmişdir. Respublikanın 53 şəhər və rayonunda kütləvi maarifləndirici tədbirlər təşkil olunmuş, onlarla təhsil müəssisəsinin müəllim-tələbə heyətinə mühazirələr oxunmuşdur.
Səmərəli fəaliyyətlərinə görə Daxili İşlər Nazirliyi tərəfindən 15 qeyri-hökumət təşkilatı mükafatlandırılmış, habelə onların insan alverinə qarşı mübarizəyə dair təqdim etdikləri beş layihənin icrası üçün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 33.500 manat qrant ayırmışdır (2011-ci ildə 40.500).
Həyata keçirilən profilaktik tədbirlərdə işçi qrupun üzvü olan dövlət orqanlarının əhəmiyyətli rolu da qeyd edilməlidir.  Gənclər və İdman Nazirliyi ilə birgə, cari ilin aprel ayında Saatlı, Salyan, Neftçala, Ağcabədi və Beyləqan rayonlarında mədəni-kütləvi aksiyalar keçirilmiş, tədbirin iştirakçılarına maarifləndirici materiallar paylanmışdır. Uşaqların baxımsızlığına şərait yaradan səbəblərin aşkar edilib aradan qaldırılması yollarına dair sosial, hüquqi, pedaqoji və digər tədbirlər toplusu hazırlanıb yayımlanmışdır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının nümayəndələri insan alveri qurbanları üçün sığınacaqda monitorinqlər keçirərək, oradakı şəxslərin problemləri ilə yerində tanış olmuşlar.
 Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəlikləri və konsulluqları - akkreditasiya olunduqları ölkələrin insan alverinə qarşı mübarizə strukturları ilə əməkdaşlığın genişləndirilməsi, qurbanların ölkəyə qayıtmalarına yardım göstərilməsi və bunun üçün lazımi sənədlərlə təmin edilməsi istiqamətində davamlı iş aparmış, vətəndaşlarımızın üzləşdiyi problemlər barədə aidiyyəti dövlət qurumlarını məlumatlandırmışlar.  
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, İnsan Hüquqları üzrə Müvəkkilin, “Azərbaycan Uşaqlar Birliyi”nin, “Miqrasiya Mərkəzi”nin dəstəyi və maliyyə yardımı ilə müxtəlif mövzularda dəyirmi masalar, treninq və təlimlər təşkil edilmişdir.
İnsan alverinin və məcburi əməyin qurbanlarının müəyyən edilməsi sahəsində peşəkarlığın artırılması məqsədilə qeyri-hökumət təşkilatlarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Miqrasiya və Dövlət Sərhəd xidmətlərinin, Bakı şəhərində fəaliyyət göstərən 15 turizm şirkətinin nümayəndələri üçün treninqlər keçirilmişdir.
Xüsusi polis qurumunun əməkdaşları ölkənin bir sıra televiziya kanallarında insan alveri ilə bağlı mövzulara həsr olunmuş teledebatlarda və ATƏT-in Bakı Ofisi, Beynəlxalq Miqrasiya Təşkilatı, Amerika Vəkillər Assosiyasiyası, Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunan seminarlarda iştirak etmişlər.
İnsan alverinin fəsadlarından bəhs edən sosial reklamlar respublikanın bütün şəhər və rayonlarının icra hakimiyyətlərinə göndərilərək regional telekanallar vasitəsilə yayımlanmışdır.  
Cari ilin mart ayında isə - Milli Məclisin deputatlarının, ABŞ-ın Ədliyyə Departamentinin hüquq müşavirlərinin, Amerika Hüquqşünaslar Assosiyasiyasının Azərbaycan üzrə nümayəndələrinin və Azərbaycan Hüquqşünaslar Konfederasiyası mütəxəssislərinin iştirakı ilə insan alveri cinayətlərinin istintaqı mövzusunda respublikanın 28 polis orqanında seminarlar keçirilmişdir.
Hesabat dövründə digər dövlətlərin hüquq mühafizə orqanları və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə də önəm verilmişdir. Ayrı-ayrı vaxtlarda  ABŞ-ın Azərbaycandakı Səfirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının və ATƏT-in Bakı Ofisi nümayəndələrinin iştirakı ilə görülmüş işlərin müzakirəsi, fikir mübadiləsi aparılmışdır.
ATƏT-in ekspertləri insan alverinin qurbanları üçün Sığınacağın, “Qaynar xətt” telefon xidmətinin fəaliyyəti ilə yerində tanış olmuşlar.
Qabaqcıl dünya təcrübəsindən maksimum yararlanmaq məqsədilə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsrail, Litva və s. ölkələrin daxili işlər nazirlikləri ilə yaradılmış işgüzar münasibətlər davam etdirilmişdir. Bununla bərabər, 40-a yaxın ölkənin aidiyyəti dövlət orqanları ilə mövcud olan sazişlər çərçivəsində də zəruri tədbirlər həyata keçirilmiş, onlardan və ayrı-ayrı beynəlxalq qurumlardan daxil olmuş 30-a yaxın sorğu cavablandırılmışdır.
Xüsusi polis qurumunun və Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihələr formatında Almaniya, Avstriya, Polşa, Çexiya, Bolqarıstan, Rusiya, Ukrayna və Moldovada təcrübə mübadiləsinə cəlb olunmuşlar.
Cari ilin ötən 10 ayında həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 85 insan alveri faktı aşkar edilmiş, 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu növ hüquqazidd əməllərə görə 20 nəfər tutulmuşdur ki, onlardan da 10-u məhkəmələr tərəfindən 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum olunmuşdur. Beynəlxalq axtarışa elan edilmiş təqsirləndirilən şəxslərdən 3-nün yeri İnterpol xətti ilə müəyyən olunaraq istintaq orqanlarına təhvil verilmiş və hazırda 22 nəfərin axtarışı davam etdirilir.
Müəyyən edilmiş 53 qurbandan 19-u Türkiyəyə, 12-si İrana, 2-i Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü Rusiya Federasiyasına aparılmış, 6-sı ölkə daxilində istismara cəlb olunmuşdur. Sığınacağa yerləşdirilmiş 43 qurbanın hər birinə zəruri yardımlar göstərilmişdir.
Cinayətlərdən zərər çəkmiş 35 nəfərə birdəfəlik, 18-nə isə Kömək Fondundan müvafiq müavinətlər verilmişdir. İbtidai istintaq və məhkəmə prosesləri dövründə bütün qurbanlar müdafiəçilər ilə təmin olunmuşdur.

İnsan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 115 cinayət aşkarlanaraq 85 nəfər məsuliyyətə cəlb edilmişdir. Bu hüquqpozmalarla bağlı, barəsində inzibati tənbeh tədbiri görülmüş 450-dək qadının hər biri müvafiq indikatorlar əsasında sorğulara cəlb edilmiş, lakin onların insan alverinin qurbanı olması təsdiqlənməmişdir. Keçirilmiş reydlər zamanı risk qrupuna aid 267 nəfər müəyyən edilərək 89-u insan alverinin qurbanları üçün Yardım Mərkəzinə, Təhsil, Səhiyyə və Ədliyyə nazirliklərinə, digərləri qeyri-hökumət təşkilatlarına istiqamətləndirilmişdir. Potensial qurbanlardan 67-nə tibbi, 151-nə hüquqi, 112-nə psixoloji yardımlar göstərilmiş, 50-si işlə təmin edilmişdir.
Bütövlükdə, insan alveri ilə mübarizə tədbirlərinə dövlət büdcəsindən hər il orta hesabla ayrılan 400 min manata yaxın vəsaitin böyük hissəsi qurbanların sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına (hər qurban üçün təxminən 570 manat), birdəfəlik müavinətlərin (400 manat) verilməsinə, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin  (30.400 manat) xərclərinin ödənilməsinə sərf edilir.
İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəlmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlər ilə əlaqədar “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 13 minə yaxın məlumat araşdırılaraq təşəbbüskarlara lazımi izahlar verilmişdir.
İnsanların məcburi əməyə cəlb edilməsi ilə bağlı 2 cinayət faktı qeydə alınmışdır. Məcburi əmək hallarının müəyyən edilməsi məqsədilə, Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Sahibkarlar Konfederasiyası və qeyri-hökumət təşkilatları ilə birgə müxtəlif tikinti şirkətlərində, sənaye müəssisələrində və daş karxanalarında monitorinqlər davam etdirilmişdir.
Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə keçirilən 5.022 yoxlama nəticəsində, işçilərə gecikdirilmiş əmək haqları üzrə 305.880 manat, dəymiş zərərə görə 27.722 manat, habelə 22.155 manat məbləğində sosial müavinət və kompensasiyalar ödətdirilmişdir. Müxtəlif inşaat sahələrində çalışan 10.845 işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilmişdir.
Dövlət Miqrasiya Xidmətinin 484 obyektdə apardığı yoxlamalarla iki mindən çox əcnəbinin və vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsi qaydalarını pozmuş 235 hüquqi və fiziki şəxs barəsində müvafiq tədbirlər görülmüşdür.
Müxtəlif şirkətlərdə çalışan Türkiyə, Türkmənistan və Özbəkistan vətəndaşlarının məcburi əməyə cəlb edilməsi ilə bağlı daxil olmuş müraciətlərin araşdırılması zamanı - şikayətlərin əsasən əmək haqlarının gecikdirilməsi, tam ödənilməməsi və  digər əmək mübahisələri ilə əlaqədar olduğu müəyyənləşmiş, qaldırılan bütün məsələlər qanunauyğun həllini tapmışdır.
Vətəndaşların və əcnəbilərin kənd təsərrüfatında məcburi əməyə cəlb edilməsi ilə əlaqədar alınmış siqnallar üzrə Şəmkir, Kürdəmir, Quba, Şəki, Qəbələ, İsmayıllı, Zaqatala, Salyan, Bərdə, Biləsuvar rayonlarında aparılmış monitorinqlərlə həmin cinayətin qurbanları müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, ABŞ-ın Əmək Departamenti nümayəndəsinin bu ilin may ayında ölkəmizə səfəri zamanı Ağcabədi, Bərdə və Biləsuvar rayonlarında keçirdiyi monitorinqlər çərçivəsində də uşaq əməyinin istismarı halı aşkar olunmamışdır.  
Bununla bərabər, polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 455 azyaşlı müəyyən edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməmişdir. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə təhrik edən 200-ə yaxın valideyn barəsində qanunauyğun tədbirlər görülmüşdür. Baxımsız, eləcə də müxtəlif səbəblərdən ailə və pedaqoji təsir vasitələrindən kənarda qalan 100-ə yaxın uşağa və onların valideynlərinə “Uşaq hüquqları klinikası”nda, “Uşaq və gənclərin sosial reabilitasiyası mərkəzi”ndə hüquqi, psixoloji və digər yardımlar göstərilmişdir.

Nərimanov, Nizami və Xətai rayonlarında yaradılmış icma əsaslı “Uşaq polisi otaqları”nda qeydiyyatda olan 27 azyaşlı hüquqi yardım tədbirləri ilə əhatə olunmuş, habelə insan alverinin qurbanı və potensial qurban olan 19 yetkinlik yaşına çatmayan - şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilmişdir.
Ölkəmizdə insan alverinin bütün formalarının aradan qaldırılması istiqamətində mövcud olan yüksək siyasi iradə, möhtərəm Prezidentin rəhbərliyi ilə uğurla davam edən inkişaf və iqtisadi tərəqqi prosesləri - Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinin əsas təminatıdır. Qarşıya qoyulmuş vəzifələr aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti ilə birgə ardıcıllıqla yerinə yetirilir. Eyni zamanda, beynəlxalq qurumların insan alverinə qarşı mübarizə tədbirlərinin təkmilləşməsinə yönəlmiş təklif və tövsiyələri diqqətlə öyrənilərək əlaqədar perspektiv planlara lazımi korrektələr edilir.
Ancaq ayrı-ayrı beynəlxalq təşkilatların ötən il üzrə hesabatlarında əldə olunmuş müsbət nəticələrlə yanaşı, bir sıra çatışmazlıqların mövcudluğu da yer almışdır.
Qeyd olunmalıdır ki, beynəlxalq təşkilatların, icrası əksər hallarda müəyyən zaman tələb edən hər bir tövsiyəsinin yerinə yetirilməsi istiqamətində lazımi tədbirlər görülür və obyektiv iradları aradan qaldırılır. Nəticələri barədə isə təşəbbüskarlar ətraflı məlumatlandırılır və bir çox hallarda ikitərəfli görüşlər keçirilərək qaldırılan məsələlər üzrə zəruri izahlar verilir.
Bu istiqamətdə ölkəmizdəki qeyri-hökumət təşkilatları, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri, “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının yerinə yetirilməsinə nəzarəti həyata keçirən GRETA qrupu ilə birgə görülən işlər xüsusilə səmərəli və əhəmiyyətlidir.   
Sözsüz ki, həyata keçirilən bu və digər tədbirlər hansısa bir dövlətin və ya beynəlxalq qurumun təqdirini qazanmaq naminə deyil, respublikada hüquq qaydasının, qanunçuluğun, insan hüquq və azadlıqlarının, bütövlükdə milli maraqların etibarlı təmin edilməsi sahəsində ölkə Prezidentinin müəyyən etdiyi strateci vəzifələrin tam yerinə yetirilməsinə, o cümlədən insan alveri kimi təhlükəli sosial təzahürə qarşı mübarizə standartlarının yüksəlməsinə yönəlmişdir.
Bu baxımdan, növbəti hesabat dövründə, insan alverinə qarşı mübarizəyə dair qanunvericiliyin və cinayət təqibinin təkmilləşdirilməsi, məcburi əməyin bütün formalarının qarşısının alınması, hüquqi, siyasi və sosial-iqtisadi tədbirlərin daha məqsədyönlü icrası, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar ilə əlaqələrin genişləndirilməsi, risk qrupuna aid şəxslərin məlumatlandırma tədbirləri ilə tam əhatə olunması, kütləvi informasiya vasitələrinin, özəl sektorun, internet şəbəkəsinin imkanlarından geniş istifadə edilməsi, bütövlükdə insan alverinə qarşı mübarizənin yeni keyfiyyət səviyyəsinə qaldırılması - qarşıda duran əsas vəzifələrdən olaraq davamlı surətdə həyata keçiriləcəkdir.

geriyə