Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi


 

XİDMƏTİN İNZİBATİ REQLAMENTİ

Nəqliyyat vasitələrində reklam yayımı barədə təlimat

1. Ümumi müddəalar
1.1.Bu Təlimat  «Reklam haqqında»  03.10.1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununa, «Reklam yayımına icazə (razılıq)  verilməsi qaydaları»nın  təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 noyabr 2001-ci il tarixli Fərmanına əsasən hazırlanmış və nəqliyyat vasitələrində reklamın yayılmasına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  Baş Dövlət Yol Polisi İdarəsinin razılığı tələb olunan halları və razılığın verilməsi qaydalarını müəyyən edir.
1.2.Nəqliyyat vasitələrində reklamın yayılması, nəqliyyat vasitəsinin mülkiyyətçisi («reklam daşıyıcısı») ilə  «reklam sifarişçisi»  və ya «reklam istehsalçısı»  arasında bağlanmış  müqavilələr* əsasında yol hərəkəti təhlükəsizliyinin təmini baxımından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi razılığı ilə həyata keçirilir.
1.3.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən razılıq mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul  olan fiziki şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə (bundan sonra  «reklam yayıcıları»)  nəqliyyat vasitələrində reklam yayılması üçün fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir.
Reklam daşıyıcısı olan hər bir nəqliyyat vasitəsinə ayrıca razılıq verilir
____________________________________________________________
_____________
* Əgər  «reklam sifarişçisi»  və ya «reklam istehsalçısı»  reklam yerləşdirilən nəqliyyat vasitəsinin mülkiyyətçisidirsə, reklam yayılması üçün müvafiq müqavilə tələb olunmur.
1.4.Reklam yayıcıları yalnız müəyyən olunmuş qaydada razılıq aldıqdan sonra, müəyyən edilmiş qaydada və müddətdə həmin razılıqda göstərilən reklamın yayılması fəaliyyəti ilə məşğul ola bilərlər.
1.5.Reklam yayılmasına razılıq verilmiş nəqliyyat vasitələrinin mülkiyyətçiləri, razılığı yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu razılığın qüvvəsi reklam yayıcısının təsisçisi olan hüquqi şəxslərə, reklam yayıcısı ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış münavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.
Fərdi əmək müqaviləsi (kontraktı)  və ya tapşırıq müqaviləsi əsasında sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq  razılığın verilməsi, razılığın başqa şəxsə verilməsi sayılmır.

II. Razılığın verilməsi qaydası

2.1.Razılıq almaq üçün reklam yayıcısı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə aşağıdakıları təqdim etməlidir:
2.1.1.Razılıq almaq üçün ərizə  (əlavə 1).
Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
-hüquqi şəxslər üçün – hüquqi şəxsin adı, təşkilati hüquqi forması, hüquqi ünvanı;
-fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı, iş yeri);

Ərizəyə aşağıdakılar əlavə edilməlidir:
2.1.2.Müəssisənin təsis sənədlərinin surəti;
2.1.3.Müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti:
2.1.4.Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota  alınması haqqında şəhadətnamənin surəti;
2.1.5.Reklam verənlə bağlanmış və mövcud qanunvericiliyə uyğun sənədləşdirilmiş müqavilənin surəti*;
2.1.6.Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və surəti:
___________________________________________________________________
*Reklam verən reklam yayan kimi çıxış etdikdə və reklam yayılan nəqliyyat vasitəsinin mülkiyyətçisi olduqda müqavilə tələb olunmur.

2.1.7.Nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığı və xarici görkəminin reklam yerləşdirilməsi üçün yararlı olması barədə DYP-nin müvafiq aktı;
2.1.8.Nəqliyyat vasitəsində yerləşdiriləcək reklamın  məzmunu cizgi təsviri və sxemi;
2.1.9.Reklam yerləşdirilməsi planlaşdırılan nəqliyyat vasitələrinin  dövlət qeydiyyat nişanları göstərilməklə siyahısı;
2.1.10.Razılıq alınması üçün müəyyən edilmiş məbləğdə haqqın ödənildiyini təsdiq edən sənəd.
2.2.Razılıq almaq üçün təqdim edilən ərizə və bu Təlimatda nəzərdə tutulan sənədlər  Azərbaycan Respublikası DİN-in Baş DYP İdarəsi tərəfindən  qəbul edilir, baxılır və imtina üçün əsas olmadıqda 30 gün ərzində razılıq verilməsi haqqında qərar qəbul edilir.
2.3.Hüquqi şəxs ləğv edildikdə, yaxud sahibkarlıq kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə  qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən razılıq və öz hüquqi qüvvəsini itirir.
Razılıq vərəqi itirildikdə və ya hüquqi şəxs yenidən dövlət qeydiyyatından keçdikdə, yaxud sahibkarlıq  haqqında məlumatlar dəyişdikdə razılığın yenidən verilməsi müəyyən edilmiş qaydada həyata keçirilir.

III. Razılıq vərəqi

3.1.Razılıq vərəqində  (Əlavə 2)  aşağıdakılar göstərilir:
3.1.1.Nəqliyyat vasitəsinin markası, modeli, dövlət qeydiyyat nişanları, mülkiyyətçisi barədə təlimatlar;
3.1.2.Reklam verənin adı və hüquqi ünvanı;
3.1.3.Reklamın məzmunu, reklam yerləşdirilmiş sahə və onun ölçüləri;
3.1.4.Razılığın qüvvədə olma müddəti;
3.1.5.Razılığın qeydiyyat nömrəsi və verilmə tarixi.
3.2.Razılıq sənədi Azərbabycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən imzalanır və BDYPİ-nin möhürü ilə təsdiq olunur. Razılıq vərəqi ciddi hesabat sənədi sayılır və onun jurnal uçotu aparılır.

IY. Razılığın müddəti

4.1.Razılıq reklam yayıcısı ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi arasında bağlanmış müqaviləyə uyğun olaraq göstərilən müddət daxilində verilir.
4.2.müddəti bitmiş razılıq etibarsız sayılır.

Y. Reklam verləşdirilməsinə aid texniki tələblər

5.1.Azərbaycan Respublikası ərazisində müvafiq qaydada dövdət qeydiyyatından keçirilmiş, texniki cəhətdən saz və münasib əlverişli xarici görkəmi olan nəqliyyat vasitəsi reklam daşıyıcısı kimi istifadə edilə bilər.
5.2.Reklam yazıları  (şəkilləri, təsvirləri)  nəqliyyat vasitələrinin yalnız aşağıda göstərilən şərtlərində yerləşdirilə bilər.
5.2.1.Minik avtomobillərin və mikroavbusların  qapılarında  (arxa qapıdan başqa)  və qanadlarının yan səthlərində;
5.2.2.Tramvay, rolleybus və avtobusların banında pencərə xəttinə qədər olan arxa və yan səthlərdə;
5.2.3.Yük, yük sərnişin, yük furqon və yarımqoşquların banının arxa və yan səthlərində.
5.2.4.Motosikllərin yanacaq baklarında və alətlər qutusunun qapağında.
5.3.Nəqliyyat vasitələrində reklam lövhələrinin, lövhəciklərinin, işıqlanan tabloların və bunlara bənzər reklamların yerləşdirilməsinə yol verilmir.
5.4.Reklamla nəqliyyat  vasitələrinin rənginin 50 faizindən artıq  dəyişdirilməsinə icazə verilmir.
5.5.Nəqliyyat vasitələrinin ön hissəsində reklam yerləşdirmək qadağandır.
5.6.İxtisaslaşdırılmış nəqliyyat vasitələrinin üzərində reklam yerləşdirilməsi  qadağandır.
5.7.Ətrafları qapalı nəqliyyat vasitələrinin üzərində reklam verilə bilər. Burada reklamın həcmi ümumi sahənin 60 faizindən çox olmamalıdır.
5.8.Nəqliyyat vasitələrinin arxa hissəsində firma nişanı, telefonlar, loqotiplər və ünvan göstərilə bilər. Bu halda reklam nəqliyyat vasitəsinin arxa hissəsinin ümumi sahəsinin 40 faizindən çox olmamalıdır.
5.9.Nəqliyyat vasitələrində verləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast  (ziddiyət,  uyğunsuzluq, əkslik və s.) yaradan rəngə  çərçivəyə ayrılmalıdır, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 50 faizindən çox olmamalıdır.
5.10.Nəqliyyat vasitələrində dövlət qeydiyyat nişanları və dövlət fərqlənmə nişanlarının görünüşünü məhdudlaşdıran yerlərdə, işıqlanma cihazları və şüşələrdə reklam yerləşdirilməsi, habelə istehsalçı zavod tərəfindən nəzərdə tutulmamış xarici işıq cihazlarının reklam məqsədilə quraşdırılması qadağandır.
5.11.Dövlət standartına müvafiq rəng qrafikası olan xüsusi təyinatlı avtomobillər reklam yayılması üçün istifadə edilə bilməz.
5.12.Xüsusi təyinatlı nəqliyyat vasitələrinin rəng qrafikasına, təsvirinə və s. oxşar reklamların nəqliyyat vasitələrində yayılmasına icazə verilmir.
5.13.Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi üçün işıq əks etdirən və gözqamaşdırıcı lak-rəng  materiallarından istifadə olunmamalıdır. 
  
YI. Reklamın yerləşdiriməsinə nəzarət 

6.1.Nəqliyyat vasitələrində reklam yerləşdirilməsinə nəzarət, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin əməkdaşları tərəfindən aşağıdakı hallarda həyata keçirilir:
6.1.1.Nəqliyyat vasitələri qeydiyyata, təkrar qeydiyyata alındıqda və uçotdan çıxarıldıqda;
6.1.2.Nəqliyyat vasitələrinə illik dövlət texniki baxış keçirildikdə;
6.1.3.Nəqliyyat vasitələrinin yollarda hərəkətinə DYP əməkdaşlarının nəzarəti zamanı və hərəkətin  təhlükəsizliyi ilə bağlı müxtəlif tədbirlər keçirildikdə.
6.2.Nəzarət qaydasında Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin səlahiyyətlərinə aşağıdakılar daxildir:
6.2.1.Reklamın nəqliyyat vasitəsində yayılmasını istisna edən hallar meydana çıxdıqda reklamverənə bu barədə müvafiq təlimat vermək və reklamyayana müəyyən olunmuş müddətə qədər reklamın silinməsini tələb etmək (Əlavə 3);
6.2.2.Nəqliyyat vasitələrində reklam yerləşdirilməsinin tələbləri pozulduqda müvafiq şəxslərə pozuntunun aradan qaldırılması barədə sərəncam vermək, lazım gəldikdə reklamyayımının dayandırılması və ya vaxtından qabaq ləğv edilməsi üçün bu barədə materialları reklam  verənə göndərmək, zəruri olduqda reklam yayana verilmiş icazənin  (razılığı) geri almaq;
6.2.3.Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis idarəsinin razılığı olmadan nəqliyyat vasitələrində reklamın yayılması aşkar edildikdə DYP müfəttişi tərəfindən nəqliyyat vasitəsi sürücüsünə  (fiziki şəxslərə)  inzibati protokol tərtib edilir. Nöqsanlar aradan qaldırıldıqdan və reklamın yayılması qaydalarını pozmuş vəzifəli  şəxslər və sürücü barədə inzibati tənbeh tədbiri görüldükdən sonra nəqliyyat vasitəsinin istismarına icazə verilir. Reklam yayımına icazəsi olan nəqliyyat vasitələrində reklam yerləşdirmə tələblərinin pozulması halları nəqliyyatın istismarı zamanı aşkar edildikdə, DYP müfəttişi tərəfindən öz rəhbərinə  (komandirinə)  raportla məruzə olunur və bu barədə müvafiq tədbirlər görülməsi məqsədi ilə DİN BDYP İdarəsinə məlusmat verilir.