Faydalı məlumatlar
Elektron ticarət zamanı alıcıların riayət etməli olduqları əsas təhlükəsizlik tədbirləri
Bəzən informasiya texnologiyalarından istifadə edilməklə, beynəlxalq internet şəbəkəsi üzərindən həyata keçirilən alış-veriş zamanı alıcıların dələduzluq yolu ilə aldadılması və pul vəsaitlərinin ələ keçirilməsi hallarına təsadüf olunur.
Belə qanunsuz hallarla qarşılaşmamaq, dələduzların cinayətkar əməllərinin qurbanlarına çevrilməmək üçün vətəndaşlar elektron ticarət (e-ticarət) zamanı müəyyən təhlükəsizlik tədbirlərinə riayət etməli, əsas alış-veriş etmək istədikləri e-ticarət saytının, o cümlədən çoxsaylı alıcıların qoşulduğu saytlarda həmçinin satıcının etibarlılığına dair əvvəlcədən ətraflı araşdırma aparmalı, bu barədə alıcıların e-ticarət saytında qeyd etdikləri reytinqlər nəzərə alınmalı, onların mənfi və müsbət rəylərini oxuyaraq fikirlərini öyrənməlidirlər.
Vətəndaşlar e-ticarət saytının və sayt üzərindən satış həyata keçirən satıcıların real əlaqə vasitələrinə, o cümlədən rəsmi hüquqi ünvana, fəaliyyət göstərən telefon nömrəsi və elektron poçt ünvanına malik olmasına, habelə mübahisəli halların (alınmış malın geri qaytarılması, ödənişin geri tələb olunması və sair) həll edilməsi üçün aydın şəkildə göstərilmiş dəqiq müraciət mexanizminin mövcudluğuna xüsusi diqqət yetirməli, insanların daha çox müraciət etdiyi e-ticarət saytlarından istifadə etməli, ayrı-ayrı fiziki şəxslərlə elektron şəkildə alış-veriş aparmaqdan çəkinməlidirlər. Unutmaq olmaz ki, fərdi məlumatlar çox önəmlidir, onlara əlahiddə dəyər verilməli və qorunmalıdır. Elektron ticarətlə məşğul olan saytlara alış-veriş üçün tələb olunandan artıq informasiya vermək məqsədəuyğun deyil.
Digər tərəfdən, potensial alıcılar e-ticarət saytına daxil olarkən, həmçinin həmin saytda elektron qaydada ödəniş həyata keçirərkən istifadə etdikləri internet brauzerin (məsələn Google Chrome, İnternet Explorer, Safari, Firefox və sair) ünvan sətirində qeyd olunmuş ünvanın düzgünlüyünə, habelə yaşıl rəngli kilid işarəsi olmasına və ünvanın HTTP:// ilə deyil, məhz HTTPS:// ilə başladığına əmin olmalıdırlar. Əks halda saytda apardığınız bütün əməliyyatlar, daxil etdiyiniz fərdi məlumatlarınız və ödəniş karta aid məlumatlar beynəlxalq internet şəbəkəsində tam açıq şəkildə mübadilə ediləcəkdir.
Vətəndaşlar almaq istədikləri malın xüsusiyyətlərinə (ölçüləri, ağırlığı, rəngi, yeni olub-olmaması, istehsal edən şirkət, mənşə ölkəsi və sair), habelə çatdırılma şərtlərinə (o cümlədən malın hazırda yerləşdiyi yer və sifariş etdikləri yerə çatdırılmanın mümkünlüyü) əvvəlcədən xüsusi diqqət etməli, sual doğuran məqamları yazılı şəkildə satıcıdan soruşmalıdırlar.
Hər bir alış həyata keçirilərkən sonradan istinad etmək üçün müvafiq unikal tranzaksiya nömrəsi də daxil olmaqla elektron poçt ünvanlarına bildirişin təqdim olunduğundan əmin olmalı, belə bildiriş almadıqları halda mövcud ekran görüntüsünü çap edərək saxlamalıdırlar. Elektron ticarət zamanı ödəniş nağd şəkildə deyil, böyük həcmli ödənişlər bank vasitəsilə həyata keçirilməlidir.
E-ticarət saytına daxil olmaq üçün istifadə etdikləri kompyuter, planşet və mobil telefon qurğusunun əməliyyat sisteminin, internet brauzerin və digər bütün proqram təminatlarının mütəmadi şəkildə avtomatik yeniləndiyindən əmin olmalı, internet mühitində zərərli proqram təminatlarından və kibermüdaxilələrdən mümkün qədər qorunmaq üçün etibarlı antivirus proqram təminatından istifadə edilməlidir.
Vətəndaşlar istifadə etdikləri şifrənin böyük və kiçik hərflərdən, habelə rəqəmlərdən və digər simvollardan ibarət mürəkkəb xarakterə malik şifrə olduğuna əmin olmalı, şifrəni mütəmadi aralıqlarla dəyişməlidirlər. Eyni şifrəni müxtəlif saytlarda təkrar istifadə etmək, açıq “Wi-Fi” şəbəkələri üzərindən e-ticarət saytlarına daxil olmaq məsləhət deyil.