Qəbələdə narkokuryerlik edən dostlar saxlanılıb, 4 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
04.01.2024Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələri onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təşkil edən narkokuryerlər saxlanılıb.
Əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı tanışlar, Şabran rayon sakini F.Sultanlı və Astara rayon sakini Ş.Əliyev saxlanılıblar.
Şəxsi axtarış zamanı onların üzərində daşıdığı idman çantasından 4 kiloqrama yaxın marixuana və 64 qram heroin aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin sosial şəbəkələrdə tanış olduqları “Əli” adlı İran vətəndaşının təsiri altına düşərək ölkə ərazisində narkokuryerliklə məşğul olduqları müəyyən edilib. Sonuncu dəfə isə onlar Bakı şəhərindən Qəbələ rayonuna gələrək burada gizlədilən narkotik vasitələri 2 min manat qarşılığında paytaxta çatdırmağa razılaşıblar.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.