Xaçmaz rayon sakini S.Sultanovaya ölümcül xəsarətlər yetirərək hadisə yerindən qaçmaqda şübhəli bilinən oğlu R.Sultanovun tutulub istintaqa cəlb edilməsi üçün zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir
13.01.2022Xaçmaz Rayon Polis Şöbəsinə yanvarın 13-də Əzizli kənd sakini 1956-cı il təvəllüdlü Səmən Sultanovaya yaşadığı evdə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Araşdırmalarla oğlu, ruhi xəstə Ramiz Sultanovun birgə yaşadıqları evdə balta ilə anasının baş və sifət nahiyələrinə çoxsaylı xəsarətlər yetirməsinə və hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən R.Sultanovun tutulub istintaqa cəlb edilməsi üçün zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.