Binəqədi rayonu ərazisində yerləşən avtoservislərin birindən “Chevrolet” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslərin narkotik vasitə qəbul etmələri də müəyyən edilmişdir
16.12.2021
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə dekabrın 13-də saat 9 radələrində Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birindən qəsəbə sakini V.Vəliyevə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmış və avtomobil həmin gün saat 16 radələrində Bakı-Quba yolundakı postda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən sürücü, Beyləqan rayon sakini Musa Tağıyevin və sərnişini, Abşeron rayon sakini Elnur Hüseynovun narkotik vasitə qəbul etmələri də müəyyən edilmişdir. Onlar saxlanılaraq Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə təhvil verilmişlər.
İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 206-cı maddələri ilə onların barəsində protokollar tərtib olunmuşdur.
Binəqədi rayon məhkəməsinin qərarları ilə M.Tağıyev 25 gün, E.Hüseynov isə 1 ay müddətinə inzibati qaydada həbs edilmişlər.