Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mingəçevir şəhəri ərazisində 16 yaşlı Orxan Kərimovu odlu silahdan atəş açaraq öldürməkdə şübhəli bilinən Ə.Qasımov tutularaq istintaqa cəlb edilmişdir

18.11.2021

Mingəçevir Şəhər Polis Şöbəsinə noyabrın 18-də saat 20 radələrində Yeni Həyat qəsəbəsi ərazisində Xocalı rayon sakini, 16 yaşlı Orxan Kərimovun odlu silahdan açılmış atəşlə öldürülməsi barədə məlumat daxil olmuşdur.

Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Aparılmış araşdırmalarla Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Qasımovun münaqişə zəminində “Makarov” tipli tapançadan atəş açaraq O.Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi “Makarov” markalı tapança və 6 ədəd patron götürülmüşdür.  

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

18.11.2021 tarixinə olan kriminal məlumatlar