Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətlərinin məlumatı

08.02.2005



Hüquq-mühafizə orqanlarına daxil olmuş əməliyyat məlumatları əsasında həyata keçirilmiş tədbirlər nəticəsində, yanvarın 25-də vətəndaş Müşfiq Səlifov saxlanılmış, ondan qanunsuz saxladığı «Naqan» tipli revolver və 7 güllə götürülmüşdür.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Müşfiq Səlifovun ətrafında aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, o, ağır cinayətlər törətdiyinə görə 1996-cı ildə 15 il azadlıqdan məhrum edilmiş, cinayətkar aləmdə «Qulu» ləqəbi ilə tanınan qardaşı Nadir Səlifovun göstərişi ilə müxtəlif vaxtlarda dəfələrlə cinayətkar sövdələşmələrdə iştirak etmişdir.

İstintaq araşdırmaları göstərmişdir ki, Nadir Səlifov, hələ 2001-ci ilin may ayında cəza çəkmə yerində ona qumarda 280 min manat pul uduzmuş məhbuslardan birinin şəxsiyyətini və ləyaqətini alçaldan hərəkətlərə yol vermiş, lakin bununla kifayətlənməyib ərini öldürmək hədəsi ilə mobil telefonla onun həyat yoldaşına zəng edərək, 6 saylı Cəzaçəkmə Müəssisəsinə gəlməyə məcbur etmiş, həmin qadını qanunsuz yolla içəri keçirtmiş və zor tətbiq etməklə ayrı-ayrı vaxtlarda onunla cinsi əlaqədə olmuşdur.

İstintaq-əməliyyat tədbirləri ilə o da müəyyən edilmişdir ki, ümumiyyətlə Nadir Səlifov 2001-2004-cü illər ərzində saxlandığı 6 və 16 saylı cəzaçəkmə müəssisələrinə, habelə «Qobustan» qapalı tipli həbsxanasına, əksər hallarda qardaşı Müşfiqin vasitəsi ilə hədə-qorxu gəlməklə adları istintaqa məlum olan 8 qadını çağıtdırmış, həmin müəssisələrin vəzifəli şəxsləri tərəfindən qanunsuz olaraq onun üçün təşkil olunmuş xüsusi otaqlarda bəzilərini köməksiz vəziyyətlərindən istifadə etməklə zorlamış, digər məhbus yoldaşlarının da bu qadınlardan bir neçəsi ilə cinsi əlaqədə olmaları üçün şərait yaratmışdır.

Nadir Səlifov «Qobustan» qapalı tipli həbsxanasında cəza çəkməsinə baxmayaraq, qanunsuz yollarla əldə etdiyi 4 ədəd müxtəlif nömrəli mobil telefonla azadlıqda olan, əvvəllər məhkum olunmuş bir sıra şəxslərlə mütəmadi əlaqələr saxlamış, ayrı-ayrı vətəndaşlardan, respublika ərazisində fəaliyyət göstərən müxtəlif sahibkarlardan, imkanlı adamlardan və bəzi ticarət obyektlərindən qanunsuz olaraq «haqq» şəklində pul vəsaitlərinin toplanmasını təşkil etmişdir.

Aparılmış tədbirlər nəticəsində, onun cinayətkar əlaqəsi olan Fariz Məmmədovun da qanunsuz odlu silah gəzdirməsi müəyyən olunaraq yanvarın 27-də saxlanılmış, üstündən «Makarov» tipli tapança və 5 güllə götürülmüşdür. Müəyyən edilmişdir ki, Nadir Səlifovun göstərişi ilə peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədov Müşfiq Səlifovla birlikdə cinayətkar sövdələşmələrdə iştirak etmişdir. Onlar Bakı şəhərindəki «İnter-Qrant», «Anadolu», «Üç Palma» və digər restoranların rəhbərlərinə hədə-qorxu gələrək dəfələrlə külli miqdarda pullarını almış, eləcə də həmin şəxsləri ağır cinayətlər törətdiklərinə görə cəzaçəkmə yerlərində olan məhbuslara yardım göstərməyə məcbur etmişlər.

Araşdırmalar zamanı məlum olmuşdur ki, ötən ilin ikinci yarısında Fariz Məmmədov, Bakı şəhər sakini Anar Əliyevin tanışı Şahin Mirkişiliyə borclu olduğu 8 min Amerika dollarını da hədə-qorxu ilə ələ keçirərək bir hissəsini mənimsəmiş, digər hissəsini isə Nadir Səlifova göndərmişdir.

Hazırda bu mütəşəkkil dəstənin cinayətkar fəaliyyətinin tam araşdırılması, onların törətdikləri bütün cinayətlərin açılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eyni zamanda, cinayətkar dəstənin başçısı Nadir Səlifov üçün imtiyazlı şərait yaradılmasında və digər qanunsuzluqlarda təqsirkar olan «Qobustan» qapalı tipli həbsxananın, 6 və 16 saylı Cəzacəkmə müəssisələrinin vəzifəli şəxsləri və Mühafizə Alayının əməkdaşları barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə Baş Prokurorluq tərəfindən cinayət işi başlanmış və onların cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülür.

Qeyd olunmalıdır ki, ağır cinayətlər törətmiş, milli mənəviyyata zidd, insan ləyaqətini və şəxsiyyətini alçaldan hərəkətlərə yol verən cinayətkarlar və onlarla əlbir olan yaxınları radikal müxalifəti təmsil edən ayrı-ayrı mətbuat orqanlarında, o cümlədən, «Yeni Müsavat», «Azadlıq», «Bakı Xəbər» və digər qəzetlərdə böyük canfəşanlıqla müdafiə edilir, bu məsələ ətrafında süni şəkildə ajiotaj yaradılır.

Öz cılız mənəvi prinsiplərinə sadiq qalanların cinayətkarları günahsız qurbana çevirmək kimi ikrah yaradan cəhdlərinin haradan qaynaqlandığı ictimaiyyətə yaxşı məlumdur.

Kriminal motivli faktlardan da özlərinin çirkin siyasi məqsədləri üçün yararlanmağa çalışanlar unutmasınlar ki, qanunun aliliyi keşiyində daim ayıq-sayıq dayanan ölkənin hüquq-mühafizə orqanları, cinayət törədən hər bir şəxsin qanun qarşısında cavab verməsini, insanların hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin, qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasını bundan sonra da qətiyyətlə təmin edəcəkdir.