DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

05.12.2015


 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 5-də Sumqayıt Şəhər Polis İdarəsində növbəti qəbul keçirib.

Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinlərinin bir qrupu ilə görüşən nazir vətəndaşları narahat edən problemləri şəxsən dinləyib, onların qanunvericiliyə uyğun şəkildə həlli üçün konkret tapşırıqlar verib. 

Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinin həllinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə minnətdarlıqlarını bildiriblər.

 Bununla yanaşı, kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, həmçinin, Daxili Qoşunların sıralarında xidmət etmək  istəyən 280  nəfər gənc də qəbulda iştirak edib. Onların arasından daha hazırlıqlı olan 32 namizəd polis orqanlarında, 24-ü isə Daxili Qoşunlarda xidmətə qəbul üçün seçilərək sənədlərinin hazırlanması məqsədilə aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib. 
Daxili işlər naziri namizədlərə müraciətlə bildirib ki, istər ümummilli liderimiz, istərsə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıblar. Gənc əməkdaşların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, onlara lazımi diqqət və qayğı göstərilməsi ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir. 

 Nazir deyib ki, belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik şəxslərin xidmətdə irəli çəkilmələri, eyni zamanda, republikamızın ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün zəruri addımlar atılır. Hazırkı tədbir də göstərilən sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürüdür.

Daha sonra cənab Ramil Usubov namizədlərə öz tövsiyələrini verib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.