DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

03.12.2014

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 3-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayserini qəbul edib. 
 
Qonağı salamlayan nazir iki  ölkə arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu bildirib. O, ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək bu işdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını, iki il öncə İslamabadda keçirilmiş "Narkotiklərlə mübarizə üzrə strategiyalar" adlı regional konfransda iştirakını, Pakistanın dövlət rəhbərləri, o cümlədən daxili işlər naziri ilə görüşlərini xatırladıb. 
 
Daha sonra cənab Ramil Usubov səfirə DİN-in funksiyaları və fəaliyyət istiqamətləri, ölkəmizdə mövcud kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən islahatlar, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının önə çəkildiyi yeni qanunların qəbulundan danışıb. Transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı təzahürlərinə, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə səylərin birləşdirilməsinin vacibliyi, bu növ cinayətlərlə mübarizədə Pakistan dövlətinin zəngin təcrübəyə malik olduğu, təcrübə mübadiləsinin əhəmiyyəti diqqətə çatdırılıb.
 
Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən səfir Xalid Usman Qayseri yüksək səviyyədə olan ikitərəfli əlaqələrin əsasının hələ görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla xatırladaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın bütün sahələrdə sürətli inkişafına, qazandığı nailiyyətlərə öz ölkəsinin  uğurları kimi sevindiklərini nəzərə çatdırıb. Burada fəaliyyət göstərdiyi qısa zaman kəsiyində Azərbaycanda mövcud olan əmin-amanlıqdan, təhlükəssiz şəraitdən razılığını ifadə edən səfir əməkdaşlığın bütün sahələrdə daha da inkişafına öz töhfəsini verəcəyini  bildirib.