DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

08.11.2014

Noyabrın 7-də DİN-in Polis Akademiyasında Ombudsman Aparatı, Konstitusiya Məhkəməsi, Hüquqşünaslar Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları və Fəlsəfə, Hüquq institutları və Polis Akademiyasının təşkilatçılığı ilə müstəqil Azərbaycanın ilk  Konstitusiyasının qəbul olunmasının 19-cu ildönümünə həsr edilmiş “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının konstitusiya təminatının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans  keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Polis Akademiyasının həyətində ucaldılan abidəsini ziyarət edib, əklil qoyublar.


Konstitusiya ilə bağlı filmin nümayişindən sonra konfransı açıq elan edən Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra demokratik inkişaf istiqamətində müəyyən addımlar atılsa da, xalqın milli-mənəvi dəyərlər sistemindən qaynaqlanan bu ali dəyərlər  yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə həqiqi mahiyyət kəsb etməyə başlayıb.
N.Əliyev demokratik dövlət quruculuğu sahəsində  xalqımızın əldə etdiyi ən mühüm nailiyyətlərdən biri kimi 1995-ci il 12 noyabrda müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsini göstərib. Əsas Qanun səviyyəsində təsbit edilən insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində polisin vəzifələrini, bu sahədə beynəlxalq aktların mükəmməl öyrənilməsi məqsədilə Polis Akademiyasında “Konstitusiya hüququ” və “DİO-nın fəaliyyətində insan hüquqlarının təminatı” adlı fənlərin tədris olunduğunu diqqətə çatdırıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaradılmasına və formalaşmasına geniş imkanlar açıb. Bu sənədin ən böyük bölməsi insan hüquq və azadlıqlarına həsr olunub. İnsan hüquq və azadlıqları dövlətin ali məqsədi, onların həyata keçirilməsinin təmin edilməsi isə dövlətin əsas vəzifəsi kimi müəyyən edilib.
AMEA-nın  İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı  Aytən Mustafayeva vurğulayıb ki, ölkəmiz insan hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçib. Qeyd olunub ki, respublikamızda qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsasların möhkəmləndirilməsi daim Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir.

BMT-nin Azərbaycan Nümayəndəliyinin rezident əlaqələndiricisi Antonius Bruk ölkəmizdə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində xeyli uğurların əldə edildiyini qeyd edib, insan və vətəndaş hüquqlarının təmin edilməsində polisin rolunun genişləndirilməsini yüksək qiymətləndirib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova da ölkəmizdə insan hüquqlarının qorunması sahəsində əldə olunan uğurlardan danışıb.
Çıxışlarda xüsusilə vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan demokratik hüquqi islahatlar kursu hazırda ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti ilə yeni mərhələyə qədəm qoyub.
Tədbirdə Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi, polis polkovniki, əməkdar müəllim Ceyhun Süleymanovun  “Konstitusiya hüququ” adlı dərs vəsaitinin təqdimatı da olub
Sonda Akademiyanın müdavimləri arasında keçirilən intellektual yarışın qalibləri mükafatlandırılıb.