DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

14.05.2014


Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze ölkəmizə rəsmi səfərə gəlmişdir.
Mayın 14-də səhər cənab Aleksandr Çikaidze və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülmüşdür. Dost ölkənin təmsilçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd mübarizlərin məzarlarını da ziyarət etmiş, onların xatirəsinə ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə əklil qoymuşlar.
Daha sonra respublikanın daxili işlər naziri, general-polkovnik  Ramil Usubov Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimi salamlayan nazir xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin danılmaz xidmətlərini xatırlatmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan rəhbərliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə xüsusi önəm verdiklərini qeyd etmişdir. Cənab Ramil Usubov bu münasibətlərin ölkə başçılarının siyasi iradəsinə, müəyyənləşdirilmiş strategiyaya uyğun uğurla inkişaf etdiyini, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində  daha da dərinləşdiyini bildirmiş, Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyini nəzərə çatdırmışdır.

Daha sonra nazir Ramil Usubov ölkədəki kriminogen durum, bugünkü ictimai-siyasi sabitliyin dönməzliyinin təmin olunması üçün ötən dövr ərzində görülən işlər və həyata keçirilən islahatlar barədə qısa məlumat vermişdir.
Qeyd olunmuşdur ki, ötən illər ərzində nazirliklər arasında imzalanmış sənədlər, xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan vermişdir.  
Daxili işlər naziri mövcud problemlərdən də danışmış, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulamışdır.

Respublikamıza ilk dəfə gəldiyini, Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu qeyd edən cənab Aleksandr Çikaidze səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür etmiş, mehriban qonşu və yaxın dost olan Azərbaycanla bütün sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirmişdir.
Görüşdə Gürcüstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze iştirak etmişdir.