DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

18.03.2014

Martın 18-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan  Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları səmimi salamlayan nazir cənab Zarar Ahmad Osmani ilə yenidən  görüşməsindən məmnunluq duyduğunu, ortaq tarixi dəyərləri və ənənələri bölüşən xalqlarımız arasında münasibətlərin hazırda hər iki ölkə Prezidentlərinin siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdiyini diqqətə çatdırmış, bu səfərin birgə əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcəyini vurğulamışdır.
Daha sonra cənab Ramil Usubov rəhbərlik etdiyi qurumun funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum barədə qısa məlumat vermişdir. Nazir demişdir ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar həyata keçirilmiş, sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarətə götürülmüş, ölkəmizə xarici sərmayənin axını üçün münbit şərait yaradılmışdır.   
Əfqanıstanın beynəlxalq təşkilatlarda həm Dağlıq Qarabağ, həm də digər məsələlərdə Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etdiyini yüksək qiymətləndirən general-polkovnik Ramil Usubov iki ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin yaradılması, transmilli mütəşəkkil cinayətkarlığa, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizə aparılması məqsədi ilə "Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə göndərildiyini xatırlatmışdır.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən cənab Zarar Ahmad Osmani qarşılıqlı səfər və görüşlərin hər iki qardaş və dost ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verəcəyini vurğulamış, qeyd olunan saziş layihəsinin tezliklə imzalanacağına əminliyini bildirmişdir.