DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

13.12.2013

Dekabrın 13-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqası qəbul etmişdir.
Qonağı salamlayan nazir yeni təyinat münasibətilə onu təbrik etmiş və uğurlar arzulamışdır. Yunanıstan-Azərbaycan əlaqələrinin inkişaf dövrünü yaşadığını xatırladan daxili işlər naziri ölkələrimizin və xalqlarımızın milli maraqlarına və mənafelərinə uyğun olaraq, dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı səfərlər, ən yüksək səviyyədə imzalanmış sənədlər sayəsində birgə əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirmişdir.

Daha sonra nazir DİN-in fəaliyyət istiqamətləri və funksional vəzifələri, ölkəmizdəki kriminogen durum barədə qısa məlumat vermiş, həyata keçirilən yeniləşmə və islahatlar prosesindən danışmışdır.
Ölkə Prezidenti tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən birinin insan və vətəndaş hüquq və azadlıqlarının qorunması olduğunu deyən cənab Ramil Usubov həmin məsul vəzifələrin yerinə yetirilməsi üçün kadrların düzgün seçilərək yerləşdirilməsinə, əməkdaşların  peşəkarlığının artırılmasına, qabaqcıl təcrübənin xidməti fəaliyyətdə tətbiqinə xüsusi diqqət yetirildiyini qeyd etmişdir.
 
Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın yalnız Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini nəzərə çatdıran nazir hələ 2008-ci ildə "Azərbaycan Respublikasının Hökuməti və Yunanıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğunu xatırlatmış, həmin sənədin imzalanmasının əlaqələrin daha da genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacağını, rəhbərlik etdiyi qurumun bu işdə maraqlı olduğunu bildirmişdir.
Problemlərə toxunularkən bütün dünya dövlətləri üçün təhlükəli olan transmilli mütəşəkkil cinayətkarlığa qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulanmışdır.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən səfir Dimitrios Tsounqas ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirmiş, ikitərəfli əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini demişdir.