DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

11.12.2013

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 11-də Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Rivanı qəbul etmişdir.
Qonağı salamlayan nazir DİN-in funksional vəzifələri, fəaliyyət istiqamətləri və  kriminogen durum barədə qısa məlumat vermişdir.

Qeyd olunmuşdur ki, müstəqilliyin ilk illərində, bir tərəfdən, ölkədə hərc-mərclik, anarxiya, cəzasızlıq mühiti hökm sürmüş, cinayətkarlığın səviyyəsi kulminasiya nöqtəsinə çatmış, digər tərəfdən Ermənistanın hərbi müdaxiləsi nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, nəticədə 1 milyondan artıq soydaşımız doğma yurd yerlərindən didərgin düşmüşdür. Yalnız xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, onun rəhbərliyi ilə hüquq- mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti nəticəsində minlərlə silahlı cinayətkar dəstə tərksilah edilmiş, qanunsuz saxlanan silahlar götürülmüş, odlu silahların tətbiqi ilə törədilən cinayətlər dəfələrlə azalmış, ölkədə sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarət altına alınmışdır. Sevindirici haldır ki, bu gün həm ölkə vətəndaşları, həm də əcnəbilərin təhlükəsiz şəraitdə yaşayıb işləmələri üçün respublikamızda lazımi şərait yaradılmışdır.
Ötən əsrin 90-cı illərinin ortalarından ölkəmizdə Avropaya inteqrasiya siyasətinin aparıldığını, demokratikləşmə prosesinin digər dövlət qurumları kimi Daxili İşlər Nazirliyindən də yan keçmədiyini nəzərə çatdıran cənab Ramil Usubov polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul edildiyini, bu qanunların işlənib-hazırlanmasında bir sıra inkişaf etmiş Qərb dövlətlərinin, mötəbər beynəlxalq qurumların ekspertlərinin  böyük rolu olduğunu qeyd etmişdir.    
Son illər möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə böyük uğurlar əldə edildiyini diqqətə çatdıran daxili işlər naziri ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə görə Argentina xalqına və hökumətinə minnətdarlığını bildirmiş, səfirin ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inandığını demişdir.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin  qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizənin diqqət mərkəzində olduğu, belə hallara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulanmışdır.  
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edən Karlos Dante Riva yeni vəzifəyə təyinat almamışdan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyev barəsində çox eşitdiyini və oxuduğunu bildirmiş, səfir kimi ilk səfərini müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində müstəsna xidmətləri olan bu dahi şəxsiyyətin doğulduğu Naxçıvan Muxtar Respublikasına etməsi barədə məlumat vermişdir.
Səfir ölkəmizə gəldiyi ilk gündən burada təhlükəsizliyin yüksək səviyyədə qorunmasının şahidi olduğunu, diplomatik fəaliyyəti müddətində biri-birindən uzaq məsafədə yerləşmiş dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin bütün sahələrdə inkişafına səy göstərəcəyini bildirmişdir.