DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Respublikası Baş Prokurorluğunun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin bəyanatı

01.11.2005



     2005-ci il oktyabrın 17-də Azərbaycan Respublikasında hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, kütləvi iğtişaşa hazırlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və ya israf etmə maddələri ilə başlanmış cinayət işi üzrə aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə bir sıra əlavə hallar müəyyən edilmişdir.
     Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Fikrət Yusifov ifadələrində Rəsul Quliyevin tapşırığı ilə Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, kütləvi iğtişaşların törədilməsi məqsədilə müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən, o cümlədən sabiq səhiyyə naziri Əli İnsanovdan və «Azərkimya» Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovdan aldığı pul vəsaitlərindən ümumən 305 min ABŞ dollarını Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayevə verdiyini bildirmişdir. O, həmçinin, Eldar Salayevin ölkədə hakimiyyət çevrilişinə hazırlıq və Rəsul Quliyevin qayıdışı ilə əlaqədar yuxarıda adları çəkilən şəxslərlə birlikdə müxtəlif mənzillərdə, eləcə də bağ evlərində keçirilən gizli görüşlərdə, müvafiq planların hazırlanmasında, bütün bu proseslərlə bağlı zəruri təşkilati və maliyyə təminatı məsələlərinin həllində iştirak etdiyini də göstərmişdir. Eldar Salayevin iş otağında aparılmış axtarış zamanı onun bu hərəkətlərdə iştirakını təsdiqləyən maddi sübutlar aşkar olunaraq götürülmüşdür. Eldar Salayev 29 oktyabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 220.1-ci (kütləvi iğtişaşa hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
     İstintaqın gedişatında Əli İnsanov 2005-ci il oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə etdiyi müraciətdə iştirakçısı olduğu dövlət mənafeləri əleyhinə olan qeyri-konstitusion hərəkətləri, Rəsul Quliyevin seçki kampaniyası və Azərbaycana qayıtması, eləcə də digər məsələlərlə bağlı maliyyə yardımları göstərdiyini  etiraf etmiş və bundan peşmançılıq çəkdiyini bildirmişdir. Həmin müraciətdə Əli İnsanov ayrı-ayrı vaxtlarda və müxtəlif yerlərdə, o cümlədən bağ evlərində Fikrət Yusifovla görüşdüyünü, bəzən bu görüşlərdə Akif Muradverdiyevin də iştirak etdiyini göstərmişdir.
     İstintaqla hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş hərəkətlərdə Gəncə şəhər polis idarəsinin sabiq rəisi Natiq Əfəndiyevin də fəal iştirakı müəyyən edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 220.1-ci (kütləvi iğtişaşa hazırlıq), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə, daşıma, satma) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
     Müəyyən edilmişdir ki, Natiq Əfəndiyev Rəsul Quliyev və qabaqcadan əlbir olmuş bir qrup şəxslə birlikdə 17 oktyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri həyata keçirmək üçün təxribatçı qrupların maliyyələşdirilməsini və silahlandırılmasını vəd etmiş, eləcə də ətrafına topladığı destruktiv qüvvələrə ictimai qaydanın təmin olunması məqsədilə yaradılan polis postlarına hücum etmək və kütləvi iğtişaşlar törətmək tapşırığını vermişdir.
     Natiq Əfəndiyevin Daşkəsən rayonunun Bayan kəndindəki evində axtarış aparılarkən 1 ədəd AK-74 markalı avtomat silah, 2 ədəd «Makarov» markalı tapança, 2 ədəd «SKS» Smirnov və «TOZ-8» markalı tüfənglər,1 ədəd qumbara, 2 ədəd tüstü buraxan şaşka, 2 ədəd iri çaplı mərmi, habelə çoxlu sayda patron, digər döyüş sursatı və partlayıcı maddələr, Yaponiya istehsalı olan peyk rabitə vasitəsi aşkar edilib götürülmüşdür. 
     İstintaq prosesində müəyyən edilmişdir ki, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn anti-konstitusion hərəkətlərin maliyyələşdirilməsi üçün sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin ayırdığı pulların sabiq maliyyə naziri Fikrət Yusifova çatdırılmasını İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi işləyən İsmayıl Mənsimov və Fərhad Əliyevin yaxın adamlarından olan, onun fərdi tapşırıqlarını yerinə yetirən Rəhman Lətifov həyata keçirmişlər. Hər iki şəxs hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi üçün ayrılan vəsaitlərin Fikrət Yusifova verilməsində köməkçi kimi iştirak etdiklərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 220.1-ci (kütləvi iğtişaşa hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
     Kütləvi iğtişaşlar törədilməsinə hazırlıq və Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair faktlarla əlaqədar başlanmış cinayət işi üzrə indiyədək 12 nəfər şəxs təqsirli bilinərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Həbs edilmiş şəxslərin bütün prosessual hüquqları, o cümlədən müdafiəçinin xidmətlərindən istifadə etmək hüququ təmin olunur, barələrində istintaq heç bir təsir göstərilmədən Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına riayət edilməklə aparılır.
     Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
     Bununla yanaşı, bir məqamın da ictimaiyyətin nəzərinə çatdırılması vacib sayılır. Baş vermiş hadisələrlə bağlı hakimiyyət strukturları tərəfindən mütəmadi olaraq ətraflı və dəqiq məlumatlar verilməsinə baxmayaraq, son günlər bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən parlament seçkiləri ərəfəsində guya hüquq mühafizə orqanlarının kütləvi zorakılıqları və özbaşına həbslər praktikasını davam etdirməsi, mitinqlərdə yüzlərlə müxalifət fəalının tutulması kimi qeyri-obyektiv mənbələrə istinad edilməklə yanlış və qərəzli məlumatlar yayılır.
     Bununla əlaqədar, hüquq mühafizə orqanları bildirirlər ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyasi partiyaların, siyasi partiya bloklarının və deputatlığa namizədlərin müəyyən olunmuş yerlərdə keçirdikləri kütləvi tədbirlər və seçkiqabağı təşviqat zamanı ictimai qaydanın qorunması təmin edilmiş, bu sahədə hüquq mühafizə, o cümlədən daxili işlər orqanları üzərlərinə düşən vəzifələri layiqinjə yerinə yetirmişlər. Belə tədbirlərdə heç bir təxribat hərəkətlərinin törədilməsinə imkan verilməmişdir.
     Siyasi partiyaların, siyasi partiyaların bloklarının, deputatlığa namizədlərə seçkiqabağı təşviqatın aparılması məqsədilə ölkənin bütün rayon və şəhərlərində zəruri şərait yaradılmışdır. Təkcə Bakı şəhərində 200-ə yaxın yer, o cümlədən mitinqlərin keçirilməsi üçün 5 iri meydan ayrılmışdır.
     Oktyabrın 31-nə olan müddətə seçicilərlə keçirilmiş 22704 görüşdən 5566-sı müxalifət təmsilçiləri, 8323-ü iqtidar namizədləri, 8815-i isə bitərəf namizədlər tərəfindən təşkil olunmuşdur. Seçki kampaniyası dövründə kütləvi toplantılarla bağlı müvafiq icra hakimiyyəti orqanlarına daxil olmuş 64 müraciətdən 47-si müxalifət nümayəndələri tərəfindən edilmişdir. Bu müraciətlər üzrə 38 kütləvi aksiya keçirilmiş və yalnız 9-u, tədbirin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamış yerlərdə keçirilməsinə cəhd göstərilməsi səbəbindən baş tutmamışdır.
     Belə ki, azadlıq seçki blokuna daxil olan Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının nümayəndələri 2005-ci il sentyabrın 25-i, oktyabrın 1-i, 9-u və 23-ü «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən paytaxtın icra hakimiyyəti tərəfindən məhdudiyyətlər qoyulmuş yerlərdə hüquqazidd aksiyalar keçirməyə cəhd etmişlər. Həmin aksiyaların iştirakçıları qanunazidd yürüş-mitinqin qarşısını alan polis əməkdaşlarına müqavimət göstərmiş, onlara qarşı zorakılıq hallarına yol vermişlər. Qəsdən yaradılmış qarşıdurmalar zamanı 35 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir. Bu aksiyalar zamanı ictimai asayişin qorunması məqsədilə polis tərəfindən tətbiq edilmiş güc aksiya iştirakçılarının nümayiş etdirdikləri zorakı hərəkətlərə mütənasib olmuşdur. Xüsusilə vurğulanmalıdır ki, son mitinq zamanı polis əməkdaşları mütəşəkkillilik, dözümlülük göstərmiş və hər hansı gücün tətbiqindən çəkinmişlər.
     2005-ci il 17 oktyabr hadisələri ilə əlaqədar isə bildirilməlidir ki, həmin hadisələr zamanı ictimai qaydanın mühafizəsini həyata keçirən polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmadıqlarına görə 19 nəfər haqqında məhkəmələr tərəfindən qısa müddətli inzibati həbs tətbiq edilmiş, 11 nəfər inzibati qaydada cərimə olunmuşdur. Xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmiş 3 nəfər haqqında isə prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır.
     Noyabrın 1-nə olan müddətə inzibati qaydada həbs edilmiş bütün şəxslər azad olunmuşlar. 
     Respublikanın hüquq-mühafizə orqanları bir daha bəyan edir ki, hər hansı ekstremist yönümlü siyasi qüvvələrin seçki prosesinin və ictimai asayişin pozulmasına, ölkədə vətəndaş qarşıdurması və iğtişaşlar törətməyə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hər cür cəhdlərinin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınacaqdır.