DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

04.09.2013

Sentyabrın 4-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilmişdir.
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri  giriş sözü ilə açaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırlatmış, bu üsulun son illər artıq praktikada özünü doğrultduğunu vurğulamışdır. O qeyd etmişdir ki, Polis Akademiyasını bitirmiş məzunların, ali hüquq təhsili almış əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi qayğının göstərilməsi DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.
Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev növbəti belə tədbirdə iştirak etmək məqsədilə Nazirliyə 121 nəfərin dəvət edildiyini bildirmiş, vakant vəzifələrin və namizədlərin siyahısını elan etmişdir.
Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilmiş, bu məqsədlə polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkmişlər. Nəticədə  məzunlardan 72-si Bakı və Nəqliyatda Baş Polis idarələrinin orqan və hissələrində, 49-u isə onların istəkləri nəzərə alınmaqla daimi yaşadıqları yerlər üzrə ərazi polis qurumlarında zabit vəzifələrinə təyinat almışlar.
Tədbirə yekun vuran general-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri - orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə məzunları təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulamışdır.
Namizədlərə daim öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyyə edən nazir əmin olduğunu bildirmişdir ki, gənc zabitlər qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, ölkəmizdə sabitliyin dönməzliyinə, cinayətkarlıqla qətiyyətli mübarizəyə öz töhfələrini verəcək, onlara göstərilmiş etimadı doğruldaraq dövlətçiliyə, anda sədaqətlə xidmət edəcəklər.
Püşkatmada iştirak etmiş bütün iddiaçılar həmin gün daxili işlər nazirinin müvafiq əmrləri ilə orta rəis heyətinə vəzifələrinə təyin olunmuşlar.