DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

03.09.2013

Sentyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Bakı Regional Mərkəzinin yeni tikilmiş inzibati binasında biometrik pasportların istehsalına və vətəndaşlara təqdim olunmasına start verilmişdir.
Tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.

Şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübənin yaxından öyrənilməsi və mənimsənilməsi məqsədilə Baş İdarənin əməkdaşları Kanada, Almaniya, İsveçrə, Estoniya, Xorvatiya və digər ölkələrə ezam olunaraq müxtəlif kurs, seminar və treninqlərdə iştirak etmişlər. Yeni nəsil pasportların istehsalı üçün İsveçrənin "Trüb AG" şirkəti ilə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq müvafiq texniki avadanlığın və proqram təminatının Azərbaycana gətirilməsi və quraşdırılması, pasport blanklarının hazırlanması təmin olunmuşdur. Eyni zamanda, biometrik ümumvətəndaş pasportlarının istehsalı sahəsində xidmət aparacaq əməkdaşlarla xüsusi treninqlər keçirilmişdir.  
Regional Mərkəzin 3 mərtəbəli yeni inzibati binasının birinci mərtəbəsində elektron növbələri tənzimləyəcək müvafiq köşklər quraşdırılmışdır. Burada vətəndaşlara müxtəlif xidmətlər göstərilməsi üçün lazımi şərait yaradılmış, onların kommunal xərcləri, bank kreditlərini, cərimələri, mobil və ev telefonu borclarını, kabel televiziyası və internet ödəmələrini, aviabiletlərin sifarişini və onlarca digər əməliyyatları həyata keçirmələri üçün «Pay Point» qurğusu, bankomat yerləşdirilmiş, eyni zamanda, təcili tibbi yardım məntəqəsi və internet-kafe də istifadəyə verilmişdir.  
Zalda eyni vaxtda 24 vətəndaşdan sənədlərin qəbulu və həmçinin 24 nəfərin də öz növbəsini gözləməsi nəzərdə tutulur. Gün ərzində orta hesabla 700-dən artıq şəxsin sənədlərini qəbul etmək mümkün olacaqdır.
Qəbul salonunda fotoşəkillərin çəkilməsi üçün biometrik fotokabinalar, əl-barmaq izlərinin alınması üçün müasir daktiloskopik avadanlıqlar, məlumatların dərhal bazaya ötürülməsi, həmçinin xüsusi yoxlamaların keçirilməsi üçün müvafiq proqram təminatı ilə təchiz edilmiş kompyuterlər və digər texniki vasitələr yerləşdirilmişdir.
Pasportların hazırlanması və vətəndaşlara təqdim edilməsi inzibati binanın 2-ci mərtəbəsində həyata keçirilir. Burada da vətəndaşların rahatlığı nəzərə alınmış, onlar üçün hər cür şərait yaradılmış, qanunvericiliyin tələblərinə uyğun olaraq aldıqları pasportların elekron daşıyıcılarında (çiplərdə) özləri haqda olan məlumatları yoxlaya bilmələri üçün xüsusi köşklər də quraşdırılmışdır.
Ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq vətəndaşlar on, beş və ya bir iş günü ərzində pasportlarla təmin olunacaqlar.
O da qeyd olunmalıdır ki, ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində respublika üzrə fəaliyyət göstərən daha 8 regional mərkəzin (Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Bərdə, Şirvan) yeni inzibati binalarının inşası da başa çatdırılmış, "Giriş-çıxış və qeydiyyat" İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi, operativ rabitənin yaradılması və digər zəruri texniki təminat məsələləri öz həllini tapmışdır.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 10 vətəndaşa yeni biometrik pasportları təqdim etmişdir.
Biometrik pasportların ilk sahibləri görülən işləri yüksək qiymətləndirərək yeni mərkəzdə yaradılmış şəraitə, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.