DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

31.07.2013

İyulun 31-də respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən Heydər Əliyev siyasi kursunun həyata keçirilməsində və quruculuq proseslərində yaxından iştirak edən daxili işlər orqanlarının 2013-cü ilin  6 ayında da qanunla müəyyən edilmiş funksiyaları layiqincə yerinə yetirdiyini, kriminogen durumun nəzarətdə saxlanıldığını vurğulamışdır. O, cari il iyulun  2-də Polis Akademiyasında inşa edilmiş “Heydər Əliyev Mərkəzi”nin açılışındakı çıxışında ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin polisin fəaliyyətini yüksək dəyərləndirdiyini, eyni zamanda, qarşıya mühüm vəzifələr qoyduğunu və onların  icrasına artıq başlanıldığını diqqətə çatdırmışdır.
Hesabat məruzəsi ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov qeyd etmişdir ki, həyata keçirilən kompleks tədbirlər, daxili işlər orqanlarının sistemli və məqsədyönlü fəaliyyəti  ölkədə hüquq qaydasının vəziyyətinə öz müsbət təsirini göstərmiş, bunun nəticəsində cinayətlər, eləcə də onların subyektlərinin kriminal aktivlik səviyyəsi azalmışdır.

Daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin sayı  2012-ci ilin 6 ayı ilə müqayisədə 11,4 faiz azalaraq 10048-ə enmişdir. Onların strukturunda şəxsiyyət əleyhinə olanlar 48,3 faiz, soyğunçuluqlar 24,8 faiz, habelə mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər 2,9 dəfə, əvvəllər cinayət törətmiş şəxslərin təkrar cinayətləri 16,7 faiz, qrup halında cinayətlər 13,5 faiz, odlu silahın tətbiqilə törədilənlər 5,4 faiz, məişət zəminində baş vermiş cinayətlər 2,1 dəfə azalmışdır. Bütövlükdə respublikanın 22 şəhər və rayonunda ağır və xüsusilə ağır cinayətlərin sayında nəzərəçarpan azalma müşahidə edilmişdir.
Peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və cinayət-prosessual fəaliyyətlə 1136-ı ağır və xüsusilə ağır olmaqla 10.955,  o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 157, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində «isti izlərlə» 432, elmi-texniki vasitələrlə 1604 cinayət açılmışdır. Bu işdə vətəndaşların da böyük rolu olmuş və onlar 2614 cinayətin açılmasında yaxından köməklik göstərmişlər.
Ötən ilin 6 ayı ilə müqayisədə cinayətlərin açılması yaxşılaşaraq 87,4 faiz təşkil etmiş, açılmış cinayətlərin sayı 14,4 faiz və ya 1379 fakt çox olmuşdur. Cinayətkar qrup və dəstələrin fəaliyyətinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə
1039 nəfərdən ibarət 361 cinayətkar qrup və 10 mütəşəkkil dəstə zərərsizləşdirilmiş, onların törətdiyi 1130, o cümlədən 320 ağır və xüsusilə ağır cinayət açılmışdır.

Təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı üzrə də fəal iş aparılmış, axtarış işinin ümumi göstəricisi 49,8 faiz təşkil etmişdir. Eyni zamanda, ağır və xüsusilə ağır cinayətlərə görə  axtarılanların tutulması 3,1 faiz, itkin düşənlərin tapılmasının nəticələri 2,9 faiz yaxşılaşmış, yerli, dövlətlərarası və beynəlxalq axtarışda olan 1053 təqsirləndirilən şəxs tutulmuşdur.
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 16 saxta pul hazırlama və ya satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən ümumi məbləği 83 min manat təşkil edən 1041 ədəd müxtəlif nominalda milli əskinas, həmçinin 300 tona yaxın saxta yeyinti məhsulu və tikinti materialı çıxarılmışdır. Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı mübarizə tədbirləri çərçivəsində qanunsuz dövriyyədən 350 kq, müqayisə edilən dövrə nisbətdə isə 33 kq çox narkotik vasitə çıxarılmış, 73 nəfərdən ibarət 28 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bununla bərabər, 33,5 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmış, ümumi çəkisi 177,6 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrası da məqsədyönlü şəkildə davam etdirilməklə 66 fakt aşkarlanmış, 5 nəfərdən ibarət 2 cinayətkar qrup zərərsizləşdirilmişdir.  Bu hüquqazidd əməllərin qurbanı olan 20 şəxs müəyyənləşdirilərək cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.
Nazirliyin istintaq və təhqiqat qurumlarının fəaliyyəti də bütövlükdə səmərəli olmuş və  müstəntiqlər ötən ilin 6 ayı ilə müqayisədə 3 faiz çox, yəni 11802 cinayət işinin istintaqını aparmış, təhqiqatçılar tərəfindən kriminal məzmunlu 37407 məlumat və müraciət araşdırılmışdır.
Qeyd edilmişdir ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində müasir informasiya texnologiyalarının praktiki tətbiqi davamlı olmuş və texniki vasitələrlə müəyyən edilən inzibati xətaların sayı 2012-ci ilin anoloji dövrü ilə müqayisədə 3 dəfə artmışdır. Ümumilikdə, ötən ilin 6 ayına nisbətdə 52 faiz çox  və ya 683.430 müvafiq qayda pozuntusu müəyyən edilmişdir. Bu vacib işin müsbət nəticələrindən biri də piyadaların avtomobillə vurulması hadisələrinin 2 dəfə azalması olmuşdur. Digər tərəfdən, baş vermiş yol-nəqliyyat  hadisələrinin 33,3 faizinin sürət həddinin aşılması, 32,3 faizinin qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə, 9,5 faizinin yolayrıcılarının keçilməsi qaydalarının pozulması, 3,1 faizi nəqliyyat vasitəsinin sərxoş halda idarə olunması nəticəsində baş verdiyini bildirən nazir müavini həmin inzibati xətalarla bağlı adekvat tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırmışdır.    
O da bildirilmişdir ki, Prezident seçkisi ilində qarşıda duran vacib vəzifələrdən olan vətəndaşlara şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi işi də ciddi nəzarətdə saxlanılmışdır. Hesabat dövründə 201.153 nəfər ümumvətəndaş pasportu, 571.703 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Analoji iş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin «ASAN» xidmət mərkəzlərində də həyata keçirilmişdir.

Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların da ictimai asayişin keşiyində ayıq-sayıq dayandığı, qarşıya qoyulmuş məsul tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyi nəzərə çatdırılmışdır.
Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə və qəbuluna xüsusi diqqət göstərmək və həssas yanaşmaq barədə tələb və tapşırıqlarının icrasının da məqsədyönlü surətdə davam etdirildiyini və cari ilin birinci yarısında 21009, o cümlədən elektron poçt ünvanına daxil olmuş 4449 ərizə və şikayətin araşdırıldığını, bütün müraciətlər üzrə obyektiv və qanunauyğun qərarların qəbul edildiyini, təşəbbüskarların yazılı məlumatlandırıldığını vurğulamışdır. Bildirilmişdir ki, Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən aparatda və respublikanın bölgələrində  ötən ilin müvafiq dövrü ilə müqayisədə 914 nəfər çox,  yəni 2414 vətəndaş qəbul edilmiş, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapmışdır.

Məruzəçi Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı sayəsində şəxsi heyətin yüksək tələblərə cavab verən şəraitdə xidmətinin təşkili, orqan və hissələrin yeni informasiya texnologiyaları ilə təcihzatı ilə bağlı görülən işlər barədə də ətraflı məlumat vermişdir.

Məruzəətrafı çıxışlarda Nazirliyin ayrı-ayrı struktur qurumlarının və şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat vermişlər.
İclasa yekun vuran general-polkovnik Ramil Usubov əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi tədbirlərində, xüsusi əməliyyatlarda əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı, mütəşəkkilliyi ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirmişdir. Şəxsi heyətin fədakar əməyinin dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini də Kollegiya iştirakçılarının diqqətinə çatdıran nazir Ramil Usubov möhtərəm Prezidentin xüsusi diqqət və qayğısına cavab olaraq əməkdaşların qanunla müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsinə daha böyük məsuliyyətlə yanaşmasını tələb etmişdir. Həmçinin, vətəndaşların müraciətlərinə baxılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması, peşəkarlığın artırılması kimi mühüm məsələlərlə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.

General-polkovnik Ramil Usubov cari il iyulun 2-də ölkə Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarının cəmiyyətdə daha çox hörmət qazanmasının, insanlara daim diqqət və qayğı göstərməsinin, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ön sıralarda olmasının vacibliyi barədə göstərişlərinin Nazirliyin aparatında, onun orqan və hissələrində gələcək fəaliyyət proqramı kimi qəbul edildiyini diqqətə çatdırmış və bununla əlaqədar Kollegiya iclasının qərarında təsbit olunmuş vəzifələrin icrasına dair tapşırıqlar vermişdir.
Daxili işlər naziri əmin olduğunu bildirmişdir ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmin edilməsi sahəsində qanunla müəyyən olunmuş funksiyaları, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, sabitliyi, əmin-amanlığı, dövlətin və vətəndaşların qanuni mənafelərini etibarlı qoruyacaqdır.