DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

08.07.2013

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Əfqanıstan İslam Respublikasının daxili işlər naziri, ordu generalı Qulam Muctaba Patang ölkəmizdə rəsmi səfərdədir.
İyulun 7-də ordu generalı Qulam Muctaba Patang və onu müşayiət edən şəxslər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər çiçəklər düzülmüşdür. Sonra qonaqlar  Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının şərəfinə ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə də əklil qoymuşlar.
İyulun 8-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əfqanıstan İslam Respublikasının daxili işlər naziri, ordu generalı Qulam Muctaba Patangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.


Qonaqları səmimi salamlayan nazir ortaq tarixi dəyərləri və ənənələri bölüşən xalqlarımız arasında münasibətlərin hazırda hər iki ölkə Prezidentlərinin siyasi iradəsinə uyğun uğurla inkişaf etdiyini xatırlatmış, bu səfərin birgə əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcəyini vurğulamışdır.
Daha sonra cənab Ramil Usubov rəhbərlik etdiyi qurumun funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyimizin ilk illərində ölkəmizdə hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum barədə qısa məlumat vermiş, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalını, doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımızın acınacaqlı taleyini yada salmışdır. Nazir demişdir ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarətə götürülmüşdür.
Nazir bildirmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitlik yaradılmış və onun dönməzliyi təmin olunmuşdur. Respublikamızda cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin qorunması sahəsində danılmaz xidmətləri olan daxili işlər orqanlarının peşəkar kadr özəyi formalaşmışdır.                    
Kadr hazırlığı prosesinə olan dövlət qayğısının nəticəsidir ki, indi orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların xüsusi çəkisi 80 faizədək yüksəlmişdir. Daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər sistemli şəkildə həyata keçirilir.  Bu məqsədlə son illər Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən müxtəlif treninqlərdə və seminar-müşavirələrdə 2000-dən çox əməkdaşımız iştirak etmişdir.
Əfqanıstanın beynəlxalq təşkilatlarda həm Dağlıq Qarabağ, həm də digər məsələlərdə Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etdiyini yüksək qiymətləndirən general-polkovnik Ramil Usubov Əfqanıstan Daxili İşlər Nazirliyinin narkotiklərin qanunsuz dövriyyəsinə və terrorçuluğa qarşı mübarizə sahəsində qazandığı təcrübənin ölkəmiz üçün faydalı ola biləcəyini, göstərilən istiqamətlərdə əməkdaşlığa hər zaman açıq olduğumuzu qonaqların nəzərinə çatdırmışdır.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən ordu generalı Qulam Muctaba Patang xüsusən terrorçuluqla mübarizədə 32 illik təcrübəyə malik Əfqanıstanın inkişaf tempinə görə bölgədə lider dövlətə çevrilən, sabitliyin dönməzliyini təmin edən, eyni zamanda, kadrların peşəkarlığının yüksəldilməsi sahəsində Azərbaycanın əldə etdiyi qabaqcıl təcrübənin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırmış və rəhbərlik etdiyi qurum əməkdaşlarının Azərbaycan DİN-in tədris müəssisələrində təhsil almalarını, onların professionallığının artırılması məqsədi ilə təlim proseslərinə, seminar-treninqlərə cəlb olunmalarına kömək göstərilməsini xahiş etmişdir. Öz ölkəsində sülhün, sabitliyin bərqərar olunmasında Azərbaycanın sülhməramlı qüvvələrinin də iştirakına görə respublikamızın rəhbərliyinə minnətdarlığını bildirən əfqanıstanlı nazir qarşılıqlı səfər və görüşlərin oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki qardaş və dost ölkənin mənafelərinə uyğun gəldiyini və bütün sahələrdə əlaqələrin inkişafına təkan verəcəyini vurğulamışdır.
Xoş sözlərə görə minnətdarlığını bildirən nazir Ramil Usubov həmkarının qaldırdığı məsələlərin müsbət həll olunacağına əminliyini bildirmiş, eyni zamanda, əfqan polisinin xüsusən terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əldə etdiyi zəngin təcrübənin öyrənilməsinin və məlumat mübadiləsinin zəruriliyini qeyd etmişdir.
Səmimilik və mehribanlıq şəraitində keçən qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilmişdir.
Görüşdə ölkəmizin Pakistanda, eyni zamanda, Əfqanıstan İslam Respublikasında akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov və Əfqanıstanın respublikamızdakı səfiri Mohammad Şaker Kargar iştirak etmişlər.