Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

21.06.2005



     Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 21-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Meri Verntzi və həmin təşkilatın Cənubi Qafqazdakı Hərbi və Təhlükəsizlik Qüvvələri ilə iş üzrə eksperti Giya Toradzeni qəbul etmişdir.
Qonaqları salamlayan nazir onlara DİN-in funksiyası və fəaliyyət istiqamətləri barədə qısa məlumat vermişdir.
     Respublikanın daxili işlər orqanları ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın razılaşdırılmış Tədbirlər Planı və respublika prezidentinin 2 iyun 2000-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş «Bütün saxlama mərhələlərində həbs edilmiş və ya saxlanılmış, yaxud başqa cür azadlıqdan məhrum edilib və ya edilməmiş bütün şəxslərə» baş çəkməyə icazə verən Saziş əsasında həyata keçirildiyini xatırladan cənab Ramil Usubov əlaqələrin inkişafını yüksək qiymətləndirmişdir. Həmin Sazişə uyğun olaraq Komitənin nümayəndələri müvəqqəti saxlama təcridxanalarında və qəbuledici-bölüşdürücü məntəqələrdə olmuş, saxlanılan şəxslərlə görüşlər keçirmiş, həmin görüşlərin və keçirdikləri müayinələrin nəticəsi olaraq tövsiyələr vermişlər.
     Tövsiyələr Nazirliyin rəhbərliyi tərəfindən nəzərə alınmış, görülən tədbirlər nəticəsində aşkara çıxarılmış nöqsanlar və çatışmazlıqlar aradan qaldırılmış, bir sıra polis idarələrinin nəzdində müasir standartlara uyğun yeni müvəqqəti saxlama təcridxanaları tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, müvəqqəti saxlama təcridxanalarının 60 faizə qədərində yeni təlimatın tələblərinə və müasir standartlara uyğun aparılan təmir işləri başa çatdırılmış, saxlanılan şəxslərin hüquqlarının təmini üçün lazımi şərait yaradılmışdır. 17 polis orqanının müvəqqəti saxlama təcridxanasında  isə təmir işləri başa çatmaq üzrədir.
     2003-2005-ci illər ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə polis əməkdaşları, həmçinin Daxili Qoşunların şəxsi heyəti üçün Polis Akademiyasında və Qala Tədris Mərkəzində 120 nəfər əməkdaşı əhatə edən 8 təlim kursunun keçirildiyini xatırladan nazir əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olduğunu bildirmişdir.
     Görüşdə qonaqlara kriminogen durumla, cinayətkarlıqla mübarizə, həyata keçirilən islahatlarla bağlı ətraflı məlumat verilmiş, əməliyyat şəraitinin nəzarət altında olduğu bildirilmişdir.
     Xanım Meri Verntz qeyd etmişdir ki, bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda özümüzü çox təhlükəsiz hiss edirik və buna görə ölkə rəhbərliyinə minnətdarıq.  Müvəqqəti saxlama  yerlərində vəziyyətin yaxşılaşdırılması üçün xeyli işlər görüldüyünü vurğulayan nümayəndəliyin rəhbəri bu ilin payızında tədbirlərin davamı olaraq daha bir təlim kursunun keçiriləcəyini də xatırlatmışdır.
     Səmimi şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.


Ən son press-relizlər