Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

17.06.2005



     Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 17-də Almaniyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Detlef Lingemanı qəbul etmişdir.
     Qonağı səmimiyyətlə salamlayaraq onu yeni təyinatı münasibətilə təbrik edən, diplomatik fəaliyyətində uğurlar arzulayan nazir əmin olduğunu bildirmişdir ki, Daxili İşlər Nazirliyi ilə Almaniya səfirliyi arasında əlaqələr daha da inkişaf edəcəkdir.
    Daha sonra səfirə nazirliyin strukturu, fəaliyyət istiqamətləri və ölkədəki kriminogen durumla bağlı ətraflı məlumat verilmiş, müstəqilliyimizin əldə edilməsindən ötən müddət ərzində cinayətkarlığa qarşı mübarizədən,  ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında dayanıqlı ictimai-siyasi sabitliyin yaradılması üçün görülmüş işlərdən, demokratik dövlət quruculuğu yolunda aparılan islahatlardan danışılmışdır.
Nazir minnətdarlıqla qeyd etmişdir ki, Avropa Şurasının xətti ilə polis fəaliyyətinin təkmilləşdirilməsində, insan hüquqlarına riayət olunması məsələləri üzrə keçirilən seminarlarda,  yeni qanunvericilik aktlarının ekspert rəyindən keçirilməsində almaniyalı mütəxəssislər - Baden Lüttenberq Polis Məktəbinin rektoru Tomas Feltes, professoru Uli Frits Rotfuss və federal polisin mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə baş inspektoru Peter Xok və başqaları yaxından iştirak etmişlər.        
     Eyni zamanda ATƏT-in Bakı ofisinin himayəsi altında qeyri-hökumət təşkilatları ilə «Polis və qeyri-hökumət təşkilatları üçün vətəndaş təlimi» Layihəsinə uyğun olaraq, 2002-ci ilin dekabrında və 2003-cü ilin noyabr-dekabr aylarında keçirilmiş seminarlar Almaniya hökuməti tərəfindən maliyyələşdirilmiş, həmin tədbirlərdə 250 nəfərdən çox polis əməkdaşı iştirak etmişdir. 
     General-polkovnik Ramil Usubov xatırlatmışdır ki, 2002-2003-cü illərdə ölkəmizin təhlükəsizlik konsepsiyasının hazırlanması istiqamətində müvafiq dövlət qurumları, həmçinin DİN-in əməkdaşları ilə birgə Almaniyanın Hərbi-siyasi və Təhlükəsizlik Məsələləri üzrə mütəxəssisləri də yaxından iştirak etmişlər.
     Daxili işlər naziri qeyd etmişdir ki, Azərbaycan dövləti, onun başçısı Almaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verir və biz də bu istiqamətdə Almaniya polisi ilə əməkdaşlığın dərinləşməsində maraqlıyıq.
    Cənab Detlef Lingeman səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirərək bir səfir kimi öz fəaliyyətində bu münasibətlərin daha da səmərəli olması üçün çalışacağını demişdir.
     Səmimilik şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilmişdir.