Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_1273220172_07.05.10-ikonka.jpg

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

06.05.2010

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində - mayın 6-da Səbail Rayon Polis İdarəsinin yeni inzibati binasının açılışı olmuşdur. Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.

Daxili işlər naziri açılışı bildirən lenti kəsmiş və bina ilə yaxından tanış olmuşdur.

 Məlumat verilmişdir ki, tikintisinə ötən ilin aprelində başlanmış beşmərtəbəli inzibati binanın ümumi sahəsi 2870 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş yeni bina bütün zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilmişdir. Yeni tikilidə 49 xidməti otaq, yeməkxana, sahəsi 306,8 kvadratmetr olan akt zalı vardır. Binada mərkəzləşdirilmiş split tipli kondisioner, ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılmışdır. Ərazi metal şəbəkə ilə hasarlanmış, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmişdir.

General-polkovnik Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, akt zalına və digər yardımçı sahələrə baxmış, foyedə ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olmuşdur. Görülən işləri yüksək qiymətləndirən cənab nazir Səbail RPİ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu ifadə etmiş, tövsiyələrini vermişdir.

 Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğı nəticəsində təkcə ötən il onlarla yeni infrastruktur obyekt tikilib istismara verilmiş, lazımi texniki vasitələr və avadanlıqlar alınmışdır. Dövlət başçımızın elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin daxili işlər orqanlarında tətbiqinə, DİO-nun zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirdiyi, məhz belə ali diqqət və qayğı sayəsində bu gün Daxili İşlər Nazirliyinin müasir tələblərə cavab verən texniki və xüsusi  vasitələrlə təmin olunduğu vurğulanmışdır.  Bütün bunlar şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərmiş, onları xidməti vəzifə borcunun icrasına ruhlandırmışdır.

DİN rəhbəri əmin olduğunu bildirmişdir ki, Səbail RPİ-nin şəxsi heyəti bu ali diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, ölkəmizin paytaxtında sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcəkdir.

Yeri gəlmişkən, ümummilli liderimizin anadan olmasının 87-ci ildönümü ərəfəsində respublikamızın Göygöl, Qusar və Oğuz rayonlarında da polis şöbələri üçün yeni inzibati binalar istifadəyə veriləcəkdir.