Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20210811062710

Soyqırımı qurbanlarının xatirəsi yad edildi

31.03.2005

 

 
Martın 31-də Daxili İşlər Nazirliyində azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov açaraq türklərə, azərbaycanlılara və müsəlman əhalisinə qarşı soyqırımı siyasətinin erməni şovinist millətçiləri tərəfindən əslində iki əsr ərzində planlı şəkildə həyata keçirildiyini, bu siyasətin mahiyyətinin azərbaycanlıların öz doğma torpaqlarından zor gücünə, fiziki cəhətdən məhv edilməsi  yolu ilə çıxarılmaqla həmin ərazilərdə xəstə təxəyyülün məhsulu olan mifik «Böyük Ermənistan» dövləti yaradılmasından ibarət olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, erməni şovinistlərinin uzun müddət davam edən bu çirkin, mənfur soyqırım siyasəti Azərbaycan xalqına böyük dəhşət və fəlakətlər gətirmiş, bu qanlı qırğınlar nəticəsində yüz minlərlə soydaşımız kütləvi şəkildə məhv edilmişdir. General-polkovnik Ramil Usubov xüsusilə vurğulamışdır ki, Azərbaycan xalqına qarşı yönəlmiş həmin soyqırımına, qanlı hadisələrə məhz ümummilli liderimiz Heydər Əliyev obyektiv hüquqi-siyasi qiymət vermiş və onun 1998-ci il martın 26-da imzaladığı tarixi fərmanla hər il martın 31-i Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
Daxili işlər nazirinin təklifi ilə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Musa Qasımov soyqırımın tarixi barədə məruzə ilə çıxış etmiş, iki yüz ildən artıq davam edən bu mənfur siyasətin acı nəticələrini tarixi faktların dili ilə şərh etmiş, indiyədək qaranlıq qalmış bir sıra məqamlara aydınlıq gətirmişdir. O, bildirmişdir ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti  bəzi imperiyapərəst, maraqlı dairələrin havadarlığı nəticəsində ermənilər tərəfindən ardıcıllıqla müxtəlif mərhələlərdə həyata keçirilmiş, bu məkrli siyasətin qarşısı yalnız ümummilli liderimiz Heydər Əliyevin respublikamıza ilk rəhbərliyi dövründə alınmışdır. 1969-1982-ci illərdə və sonra böyük öndərin keçmiş Sovetlər İttifaqının siyasi rəhbərliyində təmsil olunduğu dövrdə ermənilərin azərbaycanlılara qarşı qaldırdıqları ərazi iddiaları yalnız ümummilli liderimizin məqsədyönlü, prinsipial fəaliyyəti nəticəsində baş tutmamışdır.
Tədbirə yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov ətraflı məlumata görə BDU-nun professoru, tarix elmləri doktoru Musa Qasımova minnətdarlığını bildirmişdir.  O, minnətdarlıqla qeyd etmişdir ki, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev hiyləgər erməni təbliğatının saxta tezislərini, onun əsl mahiyyətini beynəlxalq aləmdə ifşa etmək üçün davamlı və məqsədyönlü fəaliyyət göstərir, bunun nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar hazırda Ermənistanı təcavüzkar dövlət kimi tanıyır, saxta erməni soyqırımını ifşa edən tarixi sənədlər dünya ictimaiyyətinə çatdırılır.
Nazir bir daha vurğulamışdır ki, hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil soyqırımın mahiyyətini, bu barədəki tarixi faktları dərindən öyrənməli, həmin qanlı olaylardan özləri üçün lazımi nəticələr çıxarmalıdır. Eyni zamanda, bu həqiqətləri hamının daha yaxşı bilməsi üçün, ölkə prezidentinin Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciətində deyildiyi kimi, «...bütün vətəndaşlarımız, xarici ölkələrdəki azərbaycanlı icmaları səylərini birləşdirməli, daha ardıcıl və səmərəli iş aparmalı, təsirli tədbirlər görməlidirllər».
 
 
 

 

Ən son press-relizlər