DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_1221727189_17.09.08-ikonka.jpg

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

17.09.2008

Respublikanın  daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 17-də Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə təsis etdiyi xüsusi komitənin seçkiöncəsi missiyasının üzvlərini qəbul etmişdir. 

 




AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkelin rəhbərlik etdiyi nümayəndə heyətini  salamlayan nazir DİN-in funksiyası və fəalliyyət istiqamətləri haqqında qısa məlumat vermiş, ölkədə seçkiöncəsi kriminogen durumun tam nəzarət altında olduğunu bildirmişdir. Prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər, polisin üzərinə düşən vəzifələr barəsində də qonaqlara ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki,  həyata keçirilmiş genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycanda Avropa standartlarına uyğun, demokratik prinsiplərə söykənən yeni qanunlar qəbul edilmişdir.         Bu gün Azərbaycan Polisi öz praktiki fəaliyyətində həmin qanunları rəhbər tutur. Bununla yanaşı, polis əməkdaşlarının maarifləndirilməsi işi də  diqqət mərkəzindədir. ATƏT-in Bakı ofisinin dəstəyi və Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi  ilə birlikdə zonalar üzrə "Polis işçilərinin sərbəst toplaşmaq azadlığı üzrə maarifləndirilməsi" mövzusunda bir sıra tədbirlər həyata keçirilmişdir. Nazirliyin müvafiq əmrinə uyğun olaraq, cari ilin aprel-avqust aylarında respublikanın şəhər-rayon polis orqanlarının şəxsi heyətinə xüsusi təlim məşqləri keçirilmiş, aşkar olunmuş nöqsanların qısa müddət ərzində aradan qaldırılması təmin edilmişdir. 
Ümumiyyətlə,  qeyd olunan istiqamətlərdə polis işçilərinin profesional  hazırlıq səviyyəsinin daha da artırılması məqsədilə 100-dən çox seminar, treyninq və təlim kursları keçirilmişdir,  Beynəlxalq ekspertlərin də iştirak etdikləri  həmin tədbirlərdə 2000-dən çox  əməkdaşımız iştirak etmişdir. 
Daxili işlər naziri onu da diqqətə çatdırmışdır ki, prezident seçkiləri zamanı asayişin mühafizəsi, ictimai qaydaların və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə  xüsusi tədbirlər planı hazırlanmışdır. 
Seçki ərəfəsində vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi üzrə görülən işlərlə də bağlı qonaqlara məlumat verilmişdir. 
Görüşdə  bir sıra digər məsələlər barəsində də fikir mübadiləsi aparılmış, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallara aydınlıq gətirilmişdir.