Daxili İşlər Nazirliyində Zəfər gününə həsr olunmuş tədbir keçirilib
07.11.2023Daxili İşlər Nazirliyində Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları, polis əməkdaşları, veteranlar, həmçinin Nazirliyin əməkdaşları iştirak ediblər. Tədbirin əvvəlində respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himni səsləndikdən sonra çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının Vətən müharibəsində şərəfli döyüş yolu keçdiyini vurğulayıb. Hərbi qulluqçularımızın Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən məruzəçi torpaqların azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını, 4 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına laiq görüldüyünü, minlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğunu qeyd edib.
Nazir müavini Azərbaycanın apardığı Vətən müharibəsinin bir çox parametrləri – yüksək tempi, müasir texnikanın döyüş meydanında tətbiqi, əməliyyatların məharətlə idarə olunması, zabit və əsgərlərin döyüşkənliyi baxımından dünya hərb tarixinə 21-ci əsrin müharibəsi kimi yazıldığını vurğulayıb. İ.Əliyev Vətən müharibəsində olduğu kimi bu ilin sentyabr ayının 19-da baş tutan lokal xarakterli antiterror əməliyyatları zamanı da Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının, eləcə də polis əməkdaşlarının yüksək peşəkarlıq və qəhrəmanlıq nümunələri göstərdiklərini, şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır olduğunu bildirib.
Daha sonra çıxış edən “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş polkovnik Şahin Bəylərov, “Şuşanın azad olunması”, “Füzulinin azad olunması”, “Hərbi Xidmətlərə görə” medalları ilə təltif olunmuş, polis polkovniki Tural Novruzov, “İgidliyə görə”, “Şücaətə görə” medalları ilə təltif edilmiş baş çavuş Surət Babayev ölkə başçısının xüsusi qayğısı ilə əhatə olunmuş hərbi qulluqçularımız bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı daim doğrultmağa çalışacaqlarını qeyd ediblər.
Tədbirin sonunda Vətən müharibəsində əldə edilmiş qələbəyə həsr olunan “Zəfər meydanı” sənədli filmi nümayiş etdirilib.
Youtube linki - https://www.youtube.com/watch?v=zvpSiKJ_rgA