Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib
09.03.2022Martın 9-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Sıra baxışında kütləvi informasiya vasitələrində, o cümlədən Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində verilmiş elana uyğun olaraq Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 161 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 33 nəfəri Vətən Müharibəsinin iştirakçıları, 5 nəfəri isə şəhid ailələrinin üzvləri olub.
Nazir V.Eyvazov daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə layiqli töhfələrini vermələrini tövsiyə edib.