Daxili İşlər naziri səfiri qəbul etdi
02.11.2020 Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Özbəkistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu qəbul etmişdir.
Qonağı salamlayan nazir təyinatı münasibətilə onu təbrik etmiş, fəaliyyəti müddətində Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirmişdir.
Daha sonra nazir ölkəmizdə cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar barədə səfirə məlumat vermiş, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlardan, əməliyyat şəraitinin tam nəzarət altında olduğundan danışmışdır. Bildirilmişdir ki, kriminogen durumun nəzarətə götürülməsi, sabitliyin etibarlı təmini ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb işləmələrinə əlverişli şərait yaratmışdır.
Nazir Vilayət Eyvazov imzalanmış bir sıra Sazişlərin hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq üçün yaxşı imkanlar açdığını və cinayətkarlıqla birgə mübarizəni uğurlu təmin edən səviyyəyə çatdığını diqqətə çatdırmışdır.
Səfir Bahrom Aşrafxanov tanışlıq məqsədi daşıyan səmimi qəbula görə Daxili İşlər nazirinə öz minnətdarlığını bildirmiş, Azərbaycanın bütün sahələrdə sürətli inkişafından məmnun qaldığını nəzərə çatdıraraq ölkələrimizin xalqları və dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulamışdır.
ƏLAQƏLİ PRESS-RELİZLƏR