Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

22.10.2020


Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 22-də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı və səfirliyin daxili işlər müşaviri vəzifəsinə yeni təyin olunmuş general-mayor Nuri Öztürkü qəbul edib.  

Qonaqları salamlayan nazir daxili işlər müşavirini yeni təyinat münasibətilə təbrik edib, dəyərli fəaliyyətində ona uğurlar arzulayıb.
Daxili işlər naziri ulu öndərimizin "bir millət, iki dövlət" adlandırdığı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin genişləndiyini, dövlət başçılarımızın əməkdaşlığın bütün sahələrdə ən yüksək səviyyədə inkişafına böyük önəm verdiklərini diqqətə çatdırıb, eyni zamanda son illər hər iki ölkənin Daxili İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində əldə etdikləri diqqətəlayiq nəticələr barədə məlumat verib.

Hər iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığa toxunan nazir geniş müqavilə-hüquq bazasının mövcudluğunu xüsusi qeyd edərək bunun bariz nümunəsi kimi əməkdaşlar üçün Azərbaycanda və Türkiyədə kriminalistik təhqiqatlar, narkotiklərin qanunsuz dövriyyəsi və kibercinayətkarlıqla mübarizə, əməliyyat məlumatlarının emalı, informasiya və kommunikasiya, eləcə də daxili təhlükəsizlik sahələri üzrə 70-dən artıq təlim kursunun keçirildiyini və bu təlimlərə 900-dən çox polis əməkdaşının cəlb edildiyini diqqətə çatdırıb. 

General-polkovnik Vilayət Eyvazov bu gün Azərbaycan polisinin, Daxili Qoşunların yüksək peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq mühafizə orqanı kimi öz yerini tutduğunu məmnunluqla qeyd edərək bütün bu nailiyyətlərdə Türkiyə polisinin və Jandarm Qüvvələrinin də xüsusi rolunun, xidmətinin olduğunu nəzərə çatdıraraq buna görə Türkiyə Daxili İşlər Nazirliyinin, Emniyyet Genel Müdürlüyünün, o cümlədən Jandarm Qüvvələrinin bütün mənsublarına təşəkkürünü bildirib. 

Səmimi qəbula, təbrikə və ətraflı məlumata görə dərin minnətdarlığını bildirən səfir Erkan Özoral qısa zaman kəsiyində respublikamızın sürətli bir inkişaf yolu keçməsindən məmnunluğunu bildirib, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb. 
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə edilib.