
Daxili İşlər naziri əsgər və hərbi qulluqçularla görüşüb
07.10.2019
Qarşılanma mərasimindən sonra hərbi hissənin qərargahında “Şərəf kitabını” imzalayan nazir əsgər və hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin maddi-texniki təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olub.
Sonra sıra meydanında əsgər və hərbi qulluqçular qarşısında çıxış edən Daxili İşlər naziri V.Eyvazov yaxın tariximizə qısa ekskurs edərək müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər, torpaqlarımızın işğalı, ulu öndərin ali hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş müsbət nəticələr barədə məlumat verib.

Nazir onu da qeyd edib ki, bu gün ölkəmizdə demokratik prinsiplər əsasında insan hüquqlarının təmin olunması, qorunub-saxlanılması istiqamətində mühüm işlər görülür. Vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi məqsədilə ölkə rəhbərliyinin dövlət qurumları, o cümlədən Daxili İşlər Nazirliyi qarşısında qoyduğu konkret vəzifələrə uyğun olaraq, müvafiq qərarlar verilir, Nazirliyin rəhbərliyi tərəfindən respublikanın şəhər və rayonlarında vətəndaşlar qəbul edilir, onların hər bir müraciəti üzrə lazımi tədbirlər görülür, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapır.

Sonda hərbi hissənin əsgər və hərbi qulluqçuları təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.
ƏLAQƏLİ PRESS-RELİZLƏR

Dövlətə sədaqətin, xalqa xidmətin nümunəsi
12.03.2025