
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətlərinin məlumatı
16.12.2005
Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən cinayətlərin qarşısının alınması, açılması, onları törədənlərin müəyyənləşdirilərək tutulması istiqamətində həyata keçirilən birgə tədbirlərlə Gəncə sakinləri Xosrov və Nasir Əfəndiyev qardaşlarının başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə zərəsizləşdirilmişdir.
Həmin şəxslərin yaşadıqları mənzilə baxış zamanı 1 ədəd «AKSU» və 1 ədəd «AK-74» markalı avtomat silahlar, 1 ədəd səsboğucusu olan «Makarov» tapançası, 1 qumbara, 1 fin bıçağı, xeyli sayda güllə, narkotik vasitə və s. aşkar edilərək götürülmüşdür.
Aparılmış əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində bu cinayətkar dəstə tərəfindən uzun illər Bakı və Gəncə şəhərlərində ictimai rezonans doğuran çoxsaylı qətllər və quldurluqlar törədilməsi müəyyən edilmişdir. Belə ki, 1999-cu il iyulun 10-da Nasir Əfəndiyev və dəstənin digər üzvü Elbrus Məmmədov Bakı şəhəri Bülbül prospektində yerləşən “Zümrüd” qızıl məmulatları mağazasına basqın edərək avtomat və tapançadan atəş açmaqla satıcı Asif Qasımovu və xidməti vəzifəsini yerinə yetirən Nəsimi rayon mühafizə idarəsinin polis nəfəri Mehman Bunyatovu qətlə yetirmiş, külli miqdarda qızıl-zinət əşyalarını talayıb hadisə yerindən qaçmışlar.
2000-ci il martın 11-də yenə də avtomat və tapança ilə silahlanaraq maska geymiş Xosrov və Nasir Əfəndiyevlər, habelə Elbrus Məmmədov paytaxtın Nigar Rəfibəyli küçəsində yerləşən “Markiz” qızıl məmulatları mağazasına basqın edib orada xidmətdə olan Səbail rayon mühafizə idarəsinin polis nəfəri Sənan Babayevi öldürmüş, onun “AKSU” markalı xidməti avtomat silahını və mağazadan külli miqdarda qızıl-zinət əşyaları aparmışlar.
Əfəndiyev qardaşlarının yaşadıqları mənzildə aparılan axtarış zamanı götürülmüş avtomatlardan biri - məhz qətlə yetirilmiş polis əməkdaşı Sənan Babayevə təhkim edilmiş xidməti silah olmuşdur.
Cinayətkar dəstənin ətrafında həyata keçirilən müvafiq tədbirlərlə onların əvvəllər törətdikləri bir sıra bağlı qalmış qətl və quldurluq cinayətlərinin açılması da təmin edilmişdir.
Müəyyən olunmuşdur ki, avtomat və bıçaqla silahlanaraq maska geymiş Xosrov və Nasir Əfəndiyevlər hələ 1997-ci il oktyabrın 28-də Gəncə sakini Fəxrəddin Məmmədovun evinə silahlı basqın edərək 8000 ABŞ dolları, 1998-ci ilin fevralında həmin evə etdikləri ikinci basqın zamanı isə onun həyat yoldaşına və qardaşına bıçaqla xəsarət yetirməklə 31.000-ə yaxın ABŞ dolları və külli miqdarda qızıl-zinət əşyaları qarət edib aparmışlar.
1998-ci ilin ortalarında Xosrov və Nasir Əfəndiyev qardaşları cinayətkar dəstənin üzvü Qafur Xudaverdiyevlə birgə Bakı şəhər sakini Vaqif Şadlinskinin evinə basqın edərək həyat yoldaşına bədən xəsarətləri yetirmiş, lakin onun qışqırığına qonşuların toplaşacağından ehtiyatlanıb cinayəti başa çatdıra bilmədən qaçıb getmişlər.
Həmin ilin sonlarında, onlar qarət məqsədilə Gəncə şəhər sakini Həsən Əliyevin də evinə basqın edib tapançadan atəş açmaqla onu yaralamışlar.
Bundan başqa, cinayətkar dəstə tərəfindən 1998-ci ildə törədilmiş daha bir ağır cinayət hadisəsi də açılmışdır. Məlum olmuşdur ki, onlar Bakı şəhər sakini Afiq Vəliyevin evinə silahlı basqın edərək onun həyat yoldaşı Rəqsanə Yusifovaya bıçaqla xəsarət yetirmiş, evdən 5.500 ABŞ dolları və qızıl-zinət əşyaları aparmışlar.
Həmçinin, 2004-cü il aprelin 15-də Xosrov və Nasir Əfəndiyevlər, dəstənin üzvü Ceyhun Sadıxovla birgə Gəncə sakini Oqtay Hüseynovun evinə də silahlı basqın edərək onu öldürmüş, həyat yoldaşı Məleykə Hüseynovaya isə ağır bədən xəsarətləri yetirib 7.000 ABŞ dolları məbləğində pullarını qarət etmişlər.
Göstərilən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən Xosrov Əfəndiyev və qardaşı Nəsimi, eləcə də Elyar Salahov həbs edilmişlər.
Nasir Əfəndiyevin və dəstənin digər üzvlərinin tutulması, onların törətdikləri bütün cinayətlərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.