Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

13.12.2005

















     Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov İsveçin Miqrasiya naziri xanım Barbro Holmberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
     Qonaqları salamlayan nazir onlara daxili işlər orqanlarının fəaliyyət istiqamətləri, aparılan hüquqi islahatlar, cinayətkarlığa qarşı mübarizənin vəziyyəti, əldə olunmuş nəticələr, yeni qanunların və qanunvericilik aktlarının qəbulu, habelə polisin fəaliyyətinin demokratik dəyərlərə uyğunlaşdırılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat vermişdir.
    
     Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik və idarəetmə prinsiplərini, ölkəmizdə aparılan fəal hüquq-mühafizə siyasətini rəhbər tutan Daxili İşlər Nazirliyi respublikamızda sabitliyin və asayişin etibarlı təmini, həmçinin şəxsi heyət arasında qanunçuluğun gücləndirilməsi məqsədilə ardıcıl surətdə mühüm işlər görür.

     Eyni zamanda, müəyyən problemlərin mövcudluğu da vurğulanmış, əksər ölkələr üçün xarakterik olan transmilli cinayətlərin, bu sırada sərhədlərin şəffaflığının, gediş-gəlişin çoxalmasının qanunsuz miqrasiya və insan alveri kimi cinayətlərin artmasına səbəb olduğu bildirilmişdir.
   
    Daxili işlər naziri qeyd etmişdir ki, miqrasiya proseslərinin tənzimlənməsi hər bir ölkənin inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Nazirliyin tərkibində 2004-cü ilin iyul ayında İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, 2005-ci ilin avqust ayında isə Miqrasiya Xidməti yaradılmışdır. Digər tərəfdən, eyni məsələ ilə bağlı bir sıra dövlətlərin müraciətləri nəzərə alınmaqla hazırda Azərbaycan hökuməti tərəfindən Almaniya, Avstriya, Benilüks (Belçika, Niderland, Lüksemburq), İsveçrə, Rusiya və Türkiyə ilə Readmissiya haqqında Saziş layihələrinə baxılır. Əgər hökumətlərarası razılıq olarsa, İsveç ilə də belə saziş layihəsinin müzakirəsi mümkündür.

     Cənab Ramil Usubov xatırlatmışdır ki, qanunsuz şəkildə Qərbi Avropa dövlətlərinə gedən miqrantların Cənubi Qafqaz regionunda baş verən münaqişələrdən bəhrələnməyə cəhd göstərməsi halları da mövcuddur. Məsələn, bir neçə il əvvəl Danimarkada olmuş Azərbaycan ekspertləri özlərini azərbaycanlı kimi qələmə verən çoxlu sayda digər MDB ölkələri vətəndaşlarını ifşa etmişlər. Ümumiyyətlə, ölkəmizin imici baxımından biz belə məsələlərin araşdırılmasında maraqlıyıq.

     Xanım Barbro Holmberq səmimi qəbula, ətraflı məlumata görə təşəkkürünü bildirmiş, miqrasiya problemləri ilə məşğul olan əməkdaşların təlimatlandırılmasının vacibliyini və bu görüşün müzakirə olunan məsələ ilə bağlı gələcəkdə Azərbaycanla İsveç arasında yaradılacaq əməkdaşlığa doğru atılmış bir addım kimi mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.