Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
23.11.2005
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 23-də Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Yusif Əhməd əl Sarkavini onun xahişi ilə qəbul etmişdir. Qonağı səmimiyyətlə salamlayan nazir vurğulamışdır ki, ölkələrimiz arasındakı ikitərəfli əlaqələr xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Hüsnü Mübarəkin şəxsi səyləri nəticəsində böyük inkişaf yolu keçib və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev münasibətlərimizin daha da dərinləşməsinə xüsusi önəm verir. Təsadüfi deyil ki, müstəqilliyimizi ilk tanıyanlardan olmuş Misir Ərəb Respublikası daim beynəlxalq aləmdə ölkəmizin mövqeyini dəstəkləyir. Ramil Usubov hələ 1996-cı ilin may ayında Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında "Təhlükəsizlik üzrə Əməkdaşlıq Sazişi" imzalandığını və həmin sənədin daxili işlər orqanlarının səlahiyyətinə aid olan müddəalarının icra vəziyyətini müzakirə etmək üçün daxili işlər naziri, general Həbib İbrahim Əl-Ədlinin dəvəti ilə 1998-ci il noyabrın 5-dən 9-nadək bu ölkədə rəsmi səfərdə olduğunu xatırlatmışdır. General-polkovnik R.Usubov səfər zamanı Misir Ərəb Respublikasının Prezidenti cənab Məhəmməd Hüsnü Mübarək tərəfindən mehribanlıqla qəbul olunmasını, Misir xalqının ölkəmizə qardaş münasibətinin şahidi olduğunu minnətdarlıqla qeyd etmişdir. Daha sonra o, polisin cinayətkarlığa qarşı mübarizəsindən danışaraq ölkəmizdə kriminogen durumun, əməliyyat şəraitinin tamamilə nəzarət altında olduğunu bildirmişdir. Səfir Yusif Əhməd əl Sarkavi səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edərək ölkəmizdə yaradılmış daxili sabitliyin nəinki Azərbaycan üçün, həm də onun dostları, o cümlədən Misir üçün böyük önəm daşıdığını qeyd etmişdir. Misirli diplomat eyni zamanda noyabrın 6-da keçirilmiş parlament seçkilərinə də toxunmuş və seçkilərin demokratik, şəffaf və ədalətli olduğunu bildirmişdir. Mehribanlıq və səmimilik şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə olunmuşdur. |
ƏLAQƏLİ PRESS-RELİZLƏR