Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Respublikası Baş Prokurorluğu, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin xüsusi məlumatı

20.10.2005



     Son zamanlar, xüsusən də 2005-ci il noyabrın 6-na təyin olunmuş parlament seçkiləri ərəfəsində demokratik dəyişikliklər çağırışı pərdəsi altında ölkədə ictimai-siyasi vəziyyəti qəsdən gərginləşdirmək cəhdləri, bu proseslərin məqsədyönlü şəkildə idarə olunması və qərəzli xarakter daşıması müşahidə edilmişdir.
     Daxil olan məlumatlar göstərir ki, külli miqdarda maliyyə vəsaitini talamaqda, qulluq mənafeyi əleyhinə cinayətlər törətməkdə təqsirləndirilərək, barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmiş və haqqında beynəlxalq axtarışa elan olunmuş Rəsul Quliyev ədalət mühakiməsindən yayınmaq və antikonstitusion yollarla hakimiyyətə gəlmək məqsədi ilə ölkədəki bəzi tərəfdarlarının və müəyyən destruktiv qüvvələrin dəstəyinə arxalanaraq, parlament seçkiləri ərəfəsində daha da fəallaşmış, növbəti cinayətkar əməllərə əl atmışdır.
      Müəyyən edilmişdir ki, Rəsul Quliyev həbsinə imkan verilməməsi üçün bu işə geniş əhali kütləsini cəlb etmək, hakimiyyətin devrilməsində maraqlı olan şəxslərlə əlaqə yaratmaq və onların maliyyə imkanlarından istifadə etmək, silahlı müqavimətədək xüsusi hazırlıq işlərinin görülməsi barədə təəssübkeşlərinə tapşırıqlar vermişdir.
    Hüquq mühafizə orqanlarının həyata keçirdikləri qabaqlayıcı və qətiyyətli tədbirləri nəticəsində yuxarıda qeyd olunan qanunazidd əməllərin qarşısı alınmışdır.
    Müəyyən edilmişdir ki, əvvəlcədən hazırlanmış plana uyğun olaraq, cari ilin oktyabr ayının 17-də əhalini kütləvi surətdə Heydər Əliyev adına beynəlxalq hava limanına və ona yaxın ərazilərə toplamaq barədə intensiv və davamlı çağırışlar səsləndirilmiş, geniş təbliğat işləri aparılmışdır. Eyni zamanda, qanunazidd hərəkətlərin həyata keçirilməsi üçün ayrı-ayrı təxribat qruplarının yaradılması, onların silahlandırılması, asayişi mühafizə qüvvələrinə qarşı hücumlar edilməsi və iğtişaşların törədilməsi yolu ilə vəziyyətin dövlət qurumlarının nəzarətindən çıxarılması, son nəticədə isə hakimiyyətin zorla ələ keçirilməsi üzrə ciddi hazırlıq işləri görülmüşdür. Bu məqsədlə əhalinin hərəkət marşrutlarında və mümkün toplanış yerlərində əlavə olaraq xeyli sayda silah, döyüş sursatı, partlayıcı qurğular və maddələr də gizlədilmişdir.
     2005-ci ilin oktyabr ayının 17-də Bakı şəhərində təhlükəsizliyi təmin etmək məqsədi ilə hava limanına gedən yollarda yaradılmış polis postlarına Rəsul Quliyevin təəssübkeşləri tərəfindən polis postlarını yarmaq məqsədi ilə hücumlar edilmiş, polis əməkdaşlarına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir. Görülmüş tədbirlər nəticəsində qarşıdurma yaradılmasına, iğtişaşlar törədilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn cəhdlərin, asayişə təhdid doğuran bütün əməllərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmışdır. Həmçinin, paytaxtın müxtəlif ərazilərində silah, döyüş sursatı, partlayıcı qurğular və maddələr də aşkar edilərək götürülmüşdür.
     Bundan başqa, qanunazidd hərəkətlərin qarşısının alınması zamanı hakimiyyətin zorla ələ keçirilməsi məqsədi ilə külli miqdarda maliyyə vəsaitinin ayrılması, onun iğtişaşa cəlb ediləcək qüvvələrə paylanmasına məsul əlaqələndirici şəxsin Azərbaycanın keçmiş maliyyə naziri Fikrət Yusifov olması müəyyən edilmiş və o, oktyabr ayının 16-da şübhəli şəxs qismində tutulmuş və məhkəmənin müvafiq qərarına əsasən həbs edilmişdir. Cinayət işinin istintaqı ilə əlaqədar Fikrət Yusifovun mənzilində aparılmış axtarış zamanı 100.000 avro və 60.000 ABŞ dolları götürülmüşdür.
    Baş verən prosesləri diqqətlə izləyən, onun qarşılanmasına geniş əhali kütləsinin toplaşmadığını, tərəfdarlarının hüquqazidd əməllərinin qarşısının hakimiyyət orqanları tərəfindən qətiyyətlə alındığını və bununla da hakimiyyəti zorla ələ keçirmək planlarının iflasa uğradığını görən Rəsul Quliyev Bakıya gəlmək niyyətindən əl çəkmişdir.
    2005-ci il 18 oktyabr tarixdə Fikrət Yusifov Azərbaycan Respublikasının Baş prokuroruna ərizə ilə müraciət edərək, Rəsul Quliyevin və onun tərəfdarlarının Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş hazırlıq hərəkətləri barədə könüllü olaraq məlumat vermək istədiyini bildirmişdir.
    Fikrət Yusifov ifadəsində göstərmişdir ki, 2005-ci ilin iyul ayında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfəri zamanı əvvəllər də sıx əlaqədə olduğu Rəsul Quliyev onun mobil telefonuna zəng vuraraq, ölkədəki hakimiyyətin ələ keçirilməsi prosesini maliyyələşdirmək barədə tapşırıqlarını Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Fərhad Əliyevə və maliyyə imkanları olan digər tərəfdaşlarına çatdırmağı barədə göstəriş vermişdir.
    Bununla əlaqədar, Fikrət Yusifov cari ilin avqust ayında Fərhad Əliyevlə onun qardaşı Rafiq Əliyevə məxsus ofisdə görüşmüş və Rəsul Quliyevin tapşırığını çatdırmışdır. Fərhad Əliyev bu məsələdə hər cür kömək göstərəcəyini və öz əlaqələri vasitəsilə əlavə tədbirlər görəcəyini vəd etmişdir. Avqust ayının sonlarında Fikrət Yusifov Sankt-Peterburq şəhərinə qayıdaraq, Fərhad Əliyevin razılığını telefon vasitəsilə Rəsul Quliyevə xəbər vermişdir.
    Rəsul Quliyevin növbəti tapşırığına əsasən, o, sentyabrın 23-də Bakı şəhərinə qayıdaraq, həmin ofisdə yenidən Fərhad Əliyevlə görüşmüş və sonuncu istənilən köməyi göstərəcəyini, eyni zamanda, 3 milyon ABŞ dolları məbləğində vəsait ayırmağa və ondan asılı olan bütün işləri təşkil etməyə hazır olduğunu bir daha bildirmişdir.
    2005-ci ilin oktyabrın 3-də Fikrət Yusifov Berlin şəhərində Rəsul Quliyevlə görüşmüşdür. Bu görüşdə cari il oktyabr ayının ortalarında Bakı şəhərinə dönəcəyini bildirən Rəsul Quliyev, onu böyük insan kütləsinin qarşılamasının, bununla da həbsinə imkan verilməməsinin, kütləvi iğtişaşlar törətməklə hakimiyyətin zorla ələ keçirilməsinin vacibliyini vurğulamışdır. Rəsul Quliyev, həmçinin bu işlərin təşkili üçün Fərhad Əliyevin real maliyyə yardımı göstərməsi barədə konkret tapşırıq vermişdir.
     Bakı şəhərinə qayıdan Fikrət Yusifov Fərhad Əliyevlə görüşərək, bu tapşırığı ona çatdırmışdır. Oktyabrın 15-də Fərhad Əliyev hakimiyyətin zorla ələ keçirilməsinin maliyyələşdirilməsi üçün 100.000 avro məbləğində pulu şəxsən Fikrət Yusifova vermişdir. Həmin pullar 2005-ci il oktyabrın 16-da Fikrət Yusifovun mənzilində aparılan axtarış zamanı aşkar edilərək, maddi sübut kimi götürülmüşdür.
    İstintaq gedişatında aparılmış axtarış zamanı Fərhad Əliyevə məxsus evlərdə, bağlarda və müxtəlif obyektlərdə külli miqdarda xarici valyuta, zinət əşyaları, sənət əsərləri və cinayət yolu ilə əldə edilmiş digər qiymətli əşyalar götürülmüşdür.
    Əməliyyat tədbirləri nəticəsində həmçinin müəyyən olunmuşdur ki, Fərhad Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dövlət əmlakının özəlləşdirilməsi zamanı ciddi qanun pozuntularına yol verərək dövlət əmlakını cüzi qiymətlərlə sənədləşdirərək, öz qohum və yaxınlarının adına rəsmiləşdirərək, faktiki olaraq, öz mülkiyyətinə keçirmişdir.
    Hazırda Fərhad Əliyevə məxsus çoxsaylı kommersiya obyektlərində, o cümlədən AZPETROL şirkətində qanun pozuntuları ilə bağlı araşdırmalar davam etdirilir. AZPETROL şirkətinin sahibi Rafiq Əliyev ölkənin hüdudlarını tərk etmək istərkən hava limanında yaxalanmışdır.
     Toplanmış materiallar əsasında fakt üzrə Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə 2005-ci il 18 oktyabr tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 28, 220 (iğtişaşa hazırlıq), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə cinayət işi başlanılmış və Fərhad Əliyev 2005-ci il 19 oktyabr tarixdə həmin iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.
    Hazırda Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin əməkdaşlarından ibarət yaradılan istintaq-əməliyyat qrupu tərəfindən işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.