Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
26.07.2005
|
İyulun 25-də "Hyat Recens-Naxçıvan" mehmanxanasında GUAM ölkələrinin terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə İşçi Qrupunun növbəti iclası keçirilmişdir. Tədbirdə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın müvafiq nazirlik və idarələrinin, həmçinin ABŞ Dövlət Departamentinin, GUAM-ın Avro-Atlantik Məsləhət Qrupunun, Türkiyə və Rumıniyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan respublika daxili işlər nazirinin müavini, polis general-mayoru Vilayət Eyvazov demişdir ki, artıq neçə illərdir tərəflər çətin, lakin çox vacib bir layihəni əlaqəli şəkildə həyata keçirirlər. GUAM üzvü olan ölkələrin dövlət başçıları bu birlik çərçivəsində terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə əməkdaşlığı öncül vəzifələrdən biri kimi müəyyənləşdirmişlər. Bu kursun göstərilən istiqamətlərdə birgə səylərlə, məqsədyönlü şəkildə həyata keçirilməsi regionda sabitliyin və təhlükəsliziyin etibarlı təmininə kömək edəcəkdir. GUAM-ABŞ Çərçivə Proqramında sərhəd və gömrük nəzarətinin təmini, terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə Virtual Mərkəzin yaradılması nəzərdə tutulmuşdur ki, bu da ilk növbədə transsərhəd cinayətkarlığıyla mübarizədə səmərəli informasiya mübadiləsinə yardımçı olmalıdır. GUAM ölkələrinin hüquq-mühafizə və xüsusi xidmət orqanları əməliyyat baxımından əhəmiyyət kəsb edən informasiyalara daha fəal şəkildə təsir göstərmək mexanizmi, həmin məlumatları digər informasiya sistemlərilə inteqrasiya etmək imkanı qazanırlar. Polis general-mayoru V.Eyvazov xatırlatmışdır ki, məlum layihə çərçivəsində birgə səylərlə artıq xeyli iş görülmüşdür, hüquqi bazanın əsas hissəsi mövcuddur, hüquq-mühafizə orqanlarının fəaliyyətini reqlamentləşdirən sənədlər paketi tam hazırdır. Qeyd olunmuşdur ki, ölkəmizdə GUAM-ın Milli İnformasiya - Təhlil Mərkəzi artıq yaradılmışdır. O, çox əlverişli məkanda yerləşmiş, müasir texniki avadanlıqla təchiz edilmiş, müxtəlif nazirlikləri təmsil edən əməkdaşlarla komplektləşdirilmişdir. İclasda həmçinin korrupsiya, çirkli pulların yuyulması ilə mübarizədə əməkdaşlığın perspektivləri müzakirə olunmuş, bu məsələnin işlənib-hazırlanaraq işçi qrupun növbəti iclasının müzakirəsinə çıxarılması barədə qərar qəbul edilmişdir. İşçi Qrupun növbəti görüşünün cari ilin noyabrında Kişinyov şəhərində keçirilməsi qərara alınmışdır. Görüşün sonunda nümayəndə heyətlərinin rəhbərləri iclasın yekunlarına dair protokol imzalamışlar. Daha sonra Hökumət evində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən yaradılmış respublika Milli Analitik-İnformasiya Mərkəzinin açılışı olmuş, tədbir iştirakçıları Mərkəzin texniki təminatı, gələcək fəaliyyəti barədə məlumatlandırılmışlar. |