DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

23.06.2005



    Son günlər radikal müxalifəti təmsil edən ayrı-ayrı mətbuat orqanlarında «Yeni Müsavat» qəzetinin fotomüxbiri Alim Kazımlının 28 dekabr 2004-cü il tarixdə guya Nərimanov rayon polis idarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsində döyülməsi nəticəsində xəstəxanaya düşməsi və cari il iyunun 19-da vəfat etməsi ilə bağlı polisin ünvanına heç bir hüquqi əsası olmayan ittihamlar irəli sürülür.
    Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bildirir ki, göstərilən tarixdə Alim Kazımlı şəxsiyyət vəsiqəsi almaq üçün həyat yoldaşı ilə birgə Nərimanov rayon polis idarəsinə gəlmişdir. Həmin gün müvafiq məsələ ilə bağlı müraciət edən vətəndaşların sayı həmişəkindən çox olduğundan idarənin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi Abil Məmmədov onları növbəlilik əsasında içəri daxil olmağa, yaşlıları, əlilləri və uşaqlı qadınları irəli buraxmağa dəvət etmişdir. Lakin orada olanlar bu çağırışa məhəl qoymamış, içəri doluşaraq basırıq yaratmışlar. Bundan narazı qalan Alim Kazımlı qayda-qanun, növbə yaradılmadığına görə əsəbi tərzdə polis əməkdaşlarının üstünə qışqırmış, münaqişəli vəziyyət yaratmışdır. Daha sonra o, Abil Məmmədovun xidməti otağına daxil olaraq orada da mübahisəyə səbəb olan davranış nümayiş etdirmişdir.
    Bu hərəkətlərin qarşısını almağa çalışan, lakin Alim Kazımlının heç bir vəchlə sakitləşmədiyini görən Abil Məmmədov bölməyə rayon polis idarəsinin Əlahiddə polis bölüyünün əməkdaşlarını dəvət etmişdir. Onlar gələnədək Abil Məmmədov Alim Kazımlını sakitləşdirmiş, otaqda əyləşdirərək onun özünün və həyat yoldaşının sənədlərinin qəbul olunması tapşırığını vermişdir. Bu zaman qəflətən Alim Kazımlının halı pisləşmişdir. Abil Məmmədov təcili tibbi yardım briqadası çağıraraq həkimlər tərəfindən ilkin tibbi yardım göstərilməsini və xəstənin M.Əfəndiyev adına 2 nömrəli şəhər klinik xəstəxanasına aparılıb reanimasiya şöbəsinə yerləşdirilməsini təmin etmişdir.
     Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın və «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevin müraciətləri əsasında Daxili İşlər Nazirliyi tərəfindən aparılmış xidməti təhqiqatla qeyd olunan məqamlar təsdiqlənmişdir.
      Araşdırmanın nəticələrinə görə, bölməyə müraciət etmiş vətəndaşların qəbulu üçün lazımi şəraitin yaradılmasını təmin etməməsi onların haqlı narazılığına, habelə vətəndaş Alim Kazımlı ilə nəzakətli davranmaması onun səhhətinin pisləşərək xəstəxanaya düşməsinə səbəb olduğuna görə Daxili İşlər Nazirinin əmri ilə Abil Məmmədova «şiddətli töhmət» elan edilmişdir.
     Lakin təəssüf ki, radikal müxalifəti təmsil edən mətbuat orqanlarında bu ölüm faktını siyasiləşdirməyə cəhdlər edilir.
Əslində isə, 2 saylı şəhər klinik xəstəxanasına beyin-qan dövranının kəskin pozulması diaqnozu ilə daxil olmuş Alim Kazımlıda III dərəcə hipertoniya xəstəliyinin olması müəyyənləşdirilmiş və həmin tibb müəssisəsinin 2005-ci il yanvarın 7-də verdiyi arayışda bu xüsusat öz əksini tapmışdır. O da qeyd edilməlidir ki, Alim Kazımlı, müvafiq zərurət olmadığı üçün xəstəxanada müalicə aldığı 1 ay müddətində tibbi ekspertiza aparılmamış və bu barədə stasionar xəstənin 2961 nömrəli tibbi vərəqəsində də qeydiyyat yoxdur.
     Digər tərəfdən, araşdırmalar zamanı onun yaxın qohumu-xalası oğlu həkim-terapevt Vaqif İskəndərov bildirmişdir ki, Alim Kazımlı hələ 2002-ci ilin yay aylarından başlayaraq müntəzəm baş ağrıları və yüksək qan təzyiqindən şikayətlənmişdir. Bununla əlaqədar Vaqif İskəndərovun bir həkim kimi Alim Kazımlıda müəyyən etdiyi xəstəliyin diaqnozu hipertoniya olmuşdur. Göstərilənlər mərhum Alim Kazımlının qonşularının və yaşadığı ərazidə onunla ünsiyyəti olmuş ayrı-ayrı şəxslərin izahatları ilə bir daha təsdiqlənmiş, hətta yuxarıda qeyd olunan xəstəliyi ilə əlaqədar əziyyət çəkdiyi üçün onun müxtəlif illərdə müalicə aldığı bildirilmişdir.
     Bununla belə, məsələnin siyasi baxımdan deyil, hüquqi müstəvidə araşdırılıb ona qiymət verilməsi məqsədilə, Baş Prokurorluqdan və Milli Mətbuat Şurasından mərhum Alim Kazımlının ölümü ilə bağlı bütün məqamlara tam aydınlıq gətirilməsi üçün birgə araşdırma, zərurət olduğu təqdirdə isə cinayət işi başlanaraq istintaq aparılması və nəticələrinin ictimaiyyətə çatdırılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir, Allahdan onlara səbr diləyir.