
E-Polis mobil tətbiqi və E-xidmet.mia.gov.az portalı üzrə istifadəçi təcrübəsi araşdırılıb
01.07.2025Araşdırmanın əsas məqsədi vətəndaşların mövcud rəqəmsal xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları çətinlikləri müəyyənləşdirmək və bu əsasda platformaların daha istifadəçi yönümlü hala gətirilməsini təmin etməkdir.
İstifadəçi təcrübəsinin öyrənilməsi prosesinə onlayn sorğular, fərdi müsahibələr, sosial media üzərindən toplanan rəy və təkliflər, həmçinin sistem üzərindən daxil olan müraciət və şikayətlər daxil edilib. Sorğu “LinkedIn” platformasında və E-Polis-in rəsmi “Instagram” səhifəsində yayımlanmaqla yanaşı, SMS vasitəsilə birbaşa istifadəçilərə də göndərilib. Nəticədə, 228 vətəndaş sorğuda iştirak edib, 15 nəfərlə isə fərdi müsahibələr aparılıb.
Araşdırma nəticələri göstərib ki, istifadəçilər əsasən aşağıdakı çətinliklərlə qarşılaşırlar:
- Bəzi xidmətlərin tapılmasında çətinliklər;
- Xidmətlərin funksional təsvirinin aydın olmaması;
- Bəzi xidmətlər barədə məlumat çatışmazlığı.
İki-üç həftə davam edən bu araşdırmanın nəticələrinə əsasən, hazırda E-Polis və E-xidmet.mia.gov.az platformalarının dizayn və funksionallığı üzərində təkmilləşdirmələr aparılır. Məqsəd – xidmətlərin daha rahat tapılması və daha aydın formada təqdim olunmasıdır.
Yaxın müddətdə istifadəyə veriləcək yenilənmiş platformalarda istifadəçilərin ehtiyac və gözləntilərinə uyğun olaraq yeni funksionallıqlar da tətbiq olunacaq. Bu yanaşma vətəndaş məmnunluğunun artırılmasına və xidmətlərin əlçatanlığının gücləndirilməsinə xidmət edir.