Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
29.04.2022Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə aprelin 29-da saat 2:50 radələlərində Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəliblər. Araşdırma zamanı kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul tələb etməsini, kafenin şüşələrini sındırmasını, işçilərdən birinə isə bıçaqla xəsarət yetirərək getməsini bildirib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda həmin şəxsin yeri müəyyənləşdirilib. Saxlanılması üçün ona yaxınlaşdıqda həmin şəxs bıçaqla polis əməkdaşlarına hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib. Bu zaman polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açıb. Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən ayaq nahiyəsinə atəş açılmaqla zərərsizləşdirilib.
Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərib, yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər. Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatına təhlükə yoxdur.
Araşdırmalarla həmin şəxsin əvvəllər 3 dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini, 49 yaşlı Teymur Yolçuyev olduğu müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.