Qeyri-aşkar şəraitdə törədilmiş daha bir cinayətin üstü açılmışdır
17.12.2021Polis və prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilmiş və bağlı qalmış cinayətlərin açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasıdır.
Həmin tədbirlər çərçivəsində, 1997-ci il təvəllüdlü Əlyarov Tərxan Rüstəm oğlunun 22 sentyabr 2018-ci ildə qəsdən öldürülməsi faktı ilə bağlı istintaq olunan cinayət işinin polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilmişdir.
Belə ki, istintaqla müəyyən edilmişdir ki, Rafael Cəfərov 22 sentyabr 2018-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində yaşayan qonşusu Tərxan Əlyarov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə qəfildən onun alın-qaş nahiyyəsinə yumruqla güclü zərbə vurmuş, daha sonra özü ilə gətirdiyi deşici-kəsici xüsusiyyətə malik bıçağa bənzər alətlə Tərxan Əlyarovu qəsdən öldürmək məqsədilə onun sol yuxarı sinə nahiyyəsi istiqamətində ardıcıl zərbələr endirmiş, yetirdiyi xəsarətlərdən Tərxan Əliyarovun öldüyünə əmin olduqdan sonra törətdiyi cinayəti gizlətmək məqsədilə sonuncunun meyitini təxminən 10-15 metr çiynində daşıyaraq həmin vaxt dərinliyi 4 metr olan içərisi su ilə dolu kollektora atmış, əlindəki bıçağı və Tərxan Əlyarova məxsus iki ədəd mobil telefonu məhv etmək məqsədilə kanala atmışdır.
Polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə həmin kollektora baxış keçirilərkən üzərində xətti sınıq olan bir ədəd kəllə və 7 ədəd qabırğa skelet sümükləri aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüş, eyniləşdirilmə aparılması üçün müvafiq ekspertiza təyin edilmiş və aşkar edilmiş sümüklərin Tərxan Əlyarova məxsus olması müəyyən edilmişdir.
Eyni zamanda, su kanalından aşkar edilərək götürülmüş bıçaq müvafiq ekspertizaya təqdim olunmuş və tədqiqatın nəticəsinə görə cinayətin məhz həmin alətlə törədilməsi müəyyən edilmişdir.
Toplanmış kifayət qədər sübutlar əsasında Rafael Cəfərova Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.10 (təkrarən qəsdən adam öldürmə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddələri ilə yenidən ittiham elan edilmişdir.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
17 dekabr 2021-ci il