Nazir V.Eyvazov: “Əminəm ki, gənc zabitlərimiz öz xalqına və dövlətinə sədaqətlə xidmət edəcəklər”
11.06.2021
Tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Əvvəlcə Ali Hərbi Məktəbin döyüş bayrağı sıra meydanına gətirilib, ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçmiş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov məzunların buraxılış mərasiminin Ali Hərbi Məktəbin həyatında ən əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıraraq təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.

Daxili Qoşunlar üçün yüksək ixtisaslı kadrların hazırlanmasında danılmaz roluna, təmənnasız yardımlarına görə qardaş Türkiyə Respublikasının Jandarma Qüvvələri Baş Komandanlığına, hərbi mütəxəssislərinə təşəkkürünü bildirən cənab nazir bu işdə digər ölkələrin də anoloji təhsil müəssisələri ilə işgüzar əlaqələrin əhəmiyyətini qeyd edib.

O, Daxili Qoşunların şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə, habelə xüsusi karantin rejimi dövründə polis əməkdaşları ilə birgə fəaliyyətinin də əhəmiyyətli və təqdirəlayiq olduğunu qeyd edib.

Nazir Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət edəcək, ölkədə asayişin və təhlükəsizliyin etibarlı qorunması, qarşıya qoyulmuş tapşırıqların tam və layiqincə yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaqdır.
Nazir Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirmiş üç məzuna fərqlənmə diplomlarını və «baş leytenant» hərbi rütbələrinin paqonlarını təqdim edib.
Sonda gənc zabitlər tənətənəli marşla tribunanın qarşısından keçib.
ƏLAQƏLİ PRESS-RELİZLƏR

Dövlətə sədaqətin, xalqa xidmətin nümunəsi
12.03.2025