Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) birgə Məlumatı

01.01.2021


1 yanvar 2021-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikasının vətəndaşı 1981-ci il təvəllüdlü Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşmüş, nəticədə ağır dərəcəli bədən xəsarəti alaraq hər iki ayağı travmatik amputasiya olunmuşdur.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşlar postlardan yayınaraq işğaldan azad olunmuş ərazilərə daxil olur və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalırlar. Xüsusi ilə qeyd edilməlidir ki, hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı həyata keçirilir.

Baş Prokurorluq, DİN və ANAMA bir daha əhaliyə xəbərdarlıq edərək, xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.