Daxili İşlər Nazirliyi vətəndaşları qaydalara əməl etməyə çağırır
01.12.2020Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə bütün zəruri tədbirlər icra olunur. Polis və Daxili Qoşunların hərbi qulluqçuları respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışır, vətəndaşlar tərəfindən epidemiyanın qarşısının alınmasına xidmət edən sanitariya-gigiyena qaydalarına əməl olunması, “COVİD-19” virusuna yoluxan və ev şəraitində müalicə təyin olunan şəxslərin profilaktikası ciddi nəzarətdə saxlanılır.
Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. Noyabrın 30-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızın ayrı-ayrı şəhər və rayonlarında, eləcə də Bakıda 28 aktiv “COVID-19” xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlar əsasən, əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə aşkarlanıblar. Görülən tədbirlərlə müəyyən olunan xəstələrdən 25 nəfəri evə qaytarılıb, 2 nəfər xəstəxanaya yerləşdirilib, 19 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
Vətəndaşların diqqətinə çatdırırıq ki, bütün dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamalı, bunun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir. Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxmamaları tövsiyyə olunur.
Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırırıq. Bütün tədbirlər vətəndaşların sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
ƏLAQƏLİ PRESS-RELİZLƏR